Rəsmi İrəvan gah Brüsselə, gah da Moskvaya baxır – Prosesi yubadır!


Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.Nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrasına dair məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xatırladaq ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüblər.
Maraqlıdır, bundan sonra Azərbaycan və Ermənistan arasındakı əlaqələr hansı səviyyədə davam edəcək?

"Sherg.az"ın sualını cavablandıran jurnalist, siyasi şərhçi Fuad Abbasovun fikirlərinə əsasən, Azərbaycanın səbri tükənməz deyil:

"2020-ci ilin noyabr ayından bəri ölkəmizin başlıca tələbi silahlı birliklərin torpaqlarımızdan rədd olub getməsi, sərhədlərin müəyyənləşməsidir. Erməni tərəfi məsələnin həllində gah Brüsselə, gah Moskvaya baxır. Eyni zamanda iki stolda əyləşib mövzunun həllini yubadır. Əgər ərazi bütövlüyümüz tanınmazsa, Azərbaycan da Ermənistanın ərazisini tanımayacaq. Məğlubiyyətlə üzləşən erməni tərəfi torpaqları tanımasa , onu nə kimi surprizlər gözlədiyini anlayır. 

 Prezident İlham Əliyev dəfələrlə bugünkü Ermənistanın tarixi Azərbaycan torpaqlarında mövcudluğunu yada salaraq, xəbərdarlıq ünvanlayıb. Gec - tez onlar ölkəmizin sərhədlərini qəbul edəcəklər. 
Sülhməramlı kontingenti torpaqlarımızda yerləşdikləri müddətcə, Rusiyanın əlində ciddi təsir mexanizmi qalacaq. Sülhməramlıların 3 ili qalıb. Təsir mexanizmindən yararlanaraq Rusiya hər bir təxribata əl ata bilər. Buna hazırlıqlı olmalıyıq.

 Amma diplomatiya işini görür. XİN başçılarının görüşləri də məsələnin diplomatik yolla həllindən ötrü atılmış doğru addımdır. Müsbət nəticə verəcəyinə ümid bəsləyirik".