Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağı! – “Bu üç dövlətin birgə çalışması...”

Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada  üçbucaq formalaşıb. Söhbət Azərbaycan, Türkiyə və Gürcüstan əlaqələrindən gedir.Bu üçbucağın formalaşmasının əsasında tarixi və mədəni əlaqələr, coğrafi qonşuluq, vahid tranzit dəhlizinin tərkib hissələri olmaq, birgə iqtisadi əməkdaşlıq üçün əlverişli şərait və siyasi iradə dayanır. Dövlətlərin qarşılıqlı inamı yüksək səviyyədədir.Strateji tərəfdaşlar münasibətləri daha da irəlilətmək üçün Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradır.Bu haqda Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze məlumat yayıb.

Onun sözlərinə görə, qərar Bakıda keçirilən görüşlərdə qəbul olunub:

 “Gürcüstan-Türkiyə-Azərbaycan Parlament Assambleyasının yaradılması üzərində işləmək üçün mühüm qərar qəbul etdik. Bu, parlamentlər arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Assambleyanın yaradılması parlamentlərin xarici əlaqələr komitələrinin əmədakşlıq formatının nəticəsi olacaq, lakin bizim format paralel olaraq fəaliyyətini davam etdirəcək”.
N.Samxaradze deyib ki, xarici əlaqələr komitələrinin rəhbərlərinin növbəti illik toplantısının gələn ilin yazında Gürcüstanda keçirilməsi planlaşdırılıb.

Sözügedən addımı "Sherg.az"a dəyərləndirən millət vəkili Asim Mollazadənin fikirlərinə görə, müvafiq Assembleyanın yaranması parlamentlərarası əlaqələri sıxlaşdıracaq:

"Şuşada üç ölkənin komitələrinin toplantısı baş tutdu. Bir çox məsələlər ətrafında müzakirə aparıldı. Bu üç dövlətin birgə çalışması, təhlükəsizlik, siyasi, iqtisadi əlaqələr, nəqliyyat və enerji layihələri istiqamətində əməkdaşlığı mövcuddur. Tərəflər Silahlı Qüvvələrin birgə təlimlərini də keçirir. Parlament səviyyəsində əməkdaşılıq da böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, ənənələr davam edəcək. Beləliklə də, ölkələrin həyata keçirdiyi layihələrə dəstək gələcək".