“Azərbaycanın irəli sürdüyü gündəlik qüvvədədir. O həm Brüssel tərəfindən qarşılanır, həm də Ermənistan buna məcburdur"
Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması üçün müəyyən işlər görür.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla aparılan dialoqdan danışarkən bu məsələyə toxunub. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin edilməsindən ibarət olub.
Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüş reallaşıb.
C. Bayramov Brüssel görüşünü çox faydalı və məhsuldar qiymətləndirib.
Yekun sülhün imzalanması haqqında "Sherg.az"a danışan politoloq Tofiq Abbasovun qənaətincə, üçüncü Brüssel görüşü geriyə yol olmadığını isbatladı, sadəcə irəli getmək mümkündür:
"Ermənistan istəsə də, istəməsə də üçtərəfli formatda danışıqların nəticələri ilə bağlı hesablaşmalıdır. Üzərinə düşən məsuliyyəti daşıyaraq nəzərdə tutulmuş işlərə qatılmalıdır.
Uzun müddət idi ki, Ermənistanın baş naziri Nikol Paşinyan liberallıq edir, daxildəki çaxnaşmalardan yararlanır. Hamısı süni bəhanələr idi. N.Paşinyan mövcud dövlətin baş naziridirsə, ölkəsinin beynəlxalq səviyyədəki bütün məsələlərə dair məsuliyyətini anlamalı, cavabdehlik daşımalıdır. İşlərin reallaşması üçün hərəkətdə olmalıdır".
T.Abbasov bildirib ki, sərhədlərin müəyyənləşməsindən ötrü yeni situasiya formalaşır:
" Prezidentimiz İlham Əliyev və Ermənistanın baş naziri N.Paşinyan delimitasiya prosesinə görə komissiyaların tərkibini də müəyyənləşdiriblər. Nəhayət, bu, Ermənistanın vədlərdən işə keçdiyi mənasına gəlir. Hələ başlanğıcdır. Ardınca yeni tədbirlərdə Ermənistanın iştirakını görəcəyik. Azərbaycan tam hazırdır. Qarşımızda heç bir maneə yoxdur. İrəvan hər şeyi gözəl bilirdi. Artıq Ermənistanın alternativi qalmayıb. Azərbaycanın irəli sürdüyü gündəlik qüvvədədir. O həm Brüssel tərəfindən qarşılanır, həm də Ermənistan buna məcburdur".