Ermənistan daxilində bir qrup şəxs Azərbaycanla sülhün imzalanmasına qarşı çıxır. Brüssel görüşündə əldə edilən razılaşmalara rəğmən Ermənistan tərəfi hələ də atəşkəs rejimini pozmağa səy göstərir. Elə ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri verib.
Reallıqla uzlaşa bilməyən Ermənistanın törətdiyi təxribatın məqsədi nədir?
"Sherg.az"ın sualını cavablandıran ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, “bulanıq su”da fəalliyyət göstərən müxalifət bütün yollarla prosesin ləngiməsi üçün təxribatlar törədir:
"Azərbaycanın şanlı ordusu böyük qəhrəmanlıq və professionallıq göstərərək öz torpaqlarına yiyə durub. Ordunun bölmələri Ermənistanla dövlət sərhədini qoruyurlar. Ermənistanda hələ də daxili vəziyyət gərgindir. Durumu gərginləşdirən xaricdə həm qələbəmizi həzm etməyən, həm də Cənubi Qafqazda sülh yaranmasını istəməyənlərdir. Azərbaycanın reallaşdırdığı iqtisadi layihələr Çin, Hindistan, Rusiya kimi ölkələrin, həmçinin Avropanın da diqqətindədir.
Azərbaycan Qarabağda iqtisadiyyatı dirçəldərək insanların rifahının yaxşılaşdırılması istiqamətində layihələr nəzərdə tutub.
Zəngəzur dəhlizinin açılmasında, logistik xətlərin bərpasında ermənilər daha çox maraqlı olmalıdırlar. Uzun illər meqa layihələrdən kənar qalan Ermənistan tarixi şans qazanıb. Türkiyə kimi böyük və Azərbaycan kimi yetərli qədər enerji resurslarına sahib dövlət layihələrin gerçəkləşməsinə can atır. Ancaq daxildə müxalif qüvvələrə rəhbərlik edən "Qarabağ klanı" buna mane olmaq istəyir. Əgər layihələr işlənsə, Cənubi Qafqazda iqtsadiyyatımız dirçələcək. Zəngəzur dəhlizi açılanda müxalif qüvvələr tarixin zibilliyinə atılacaq, silinəcək. Hər halda xalq pisi yaxşıdan ayırmağı bacarır".
Ş.Ramaldanovun qənaətincə, sərhəddəki təxribata görə, ləngimələr ola bilər:
"Sərhədlərin müəyyənləşməsi üzrə Kommissiyanın işə başladığı vaxtda sərhəddə təxribat törədərək prosesi əngəlləmək və uzatmağ çalışırlar.
Müxalif qüvvələr Paşinyanı istefaya çağırır. Paşinyanın öz hakimiyyətini tam qura bilməməsi, Ordu sıralarında kifayət qədər nüfuzunun olmaması müxalifətin təxribata əl atmasına şərait yaradır.
Müxalifət tərəfdarını hakimiyyətə gətirməyə çalışan xarici qüvvələr Cənubi Qafqazda münaqişə ocağının yenidən alovlanmasını istəyir. Sərhədlər müəyyənləşsə və sülh sazişi imzalansa, digər məsələlər də surətli şəkildə gedəcək. Bu isə Cənubi Qafqazın inkişafına təkan verəcək.
Azərbaycan diplomatiya sahəsində böyük uğurlar qazanıb. Sülh müqaviləsi ilə bağlı proseslər gedir. Azərbaycan bütün əməliyyat şəraitinə nəzarət edir. Öz torpaqlarını qorumağa qadirdir.
Təxribatlar olduğu təqdirdə cavabını verəcəklər. Sərhədimiz yüksək professionallıqla seçilən kadrların nəzarətindədir. Azərbaycan istər dövlət sərhədində, istərsə də digər sahələrdə nəzarəti əlində saxlayaraq öz maraqlarına uyğun addımlar atır.
Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində sözügedən istiqamətdə işlər aparılır. Ölkəmiz nə etmək lazım olduğunu bilir, qarşıdakı hədəflərinə də çatacaq".