Son vaxtlar İranın bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Etirazlar İranda ərzaq məhsullarının qiymətinin kəskin artmasından sonra başlayıb. Hətta çörəyin kəskin bahalaşmasına etiraz kimi bir neçə mağazaya od vurulduğu söylənilir.Sakinlər hakimiyyət rəsmilərinə və bahalığa qarşı “Rəisiyə ölüm”, “Bahalaşmaya ölüm” kimi müxtəlif şüarlar səsləndiriblər.Aksiyaların mərkəzi Xuzistan əyalətinin İzə, Dezful və Əndimeşk şəhərləri sayılır.Qeyd edək ki, İran yağ, toyuq, yumurta və süd kimi müxtəlif əsas məhsulların qiymətlərini qəfildən 300 faizə qədər qaldırıb. Cari ilin mayın 13-də İranın valyutası dollara nisbətdə 300 min riala qədər aşağı düşüb.
Baş verənləri "Sherg.az"a dəyərləndirən politoloq Sədrəddin Soltanın fikirlərinə görə, bu İrana uzun illər qoyulan sanksiyaların nəticəsidir:
"İranda son bir ayda etiraz aksiyaları keçirilir. Etirazların əsasında sosial problemlər dayanır. Ölkənin ağır iqtisadi vəziyyətə düşməsi cəmiyyətin güzəranına ciddi təsir göstərməyə başlayıb.
Gündəlik ərzaq mallarının bahalaşması, əvvəllər dövlətin vətəndaşlara tətbiq etdiyi güzəştlərin aradan qalxması, qiymət yüksəkliyi, koronavirusla bağlı yaranan çətinliklər, nüvə proqramına görə, İrana iqtisadi siyasi sahələrdə qoyulan sanksiyalar cəmiyyətin həyatında əksini tapır.
Heç kim sanksiyaların nəticə verəcəyinə inanmırdı. Müxtəlif hadisələr də bu tip etirazların alovlanmasında qığılcım rolunu oynayır.
Məsələn, Xuzistan əyalətində, Abadan şəhərində onmərtəbli binanın çökməsi, 40-a yaxın insan ölümü cəmiyyətdə kəskin etirazlar yaratdı. Həmçinin su qıtlığı etirazlara təkan verir. Bütün olaylar İran hakimiyyətinə yönəlir.
Güney Azərbaycanda da vəziyyət İranın digər bölgələri ilə eyni vəziyyətdədir. Sosial problemlərlə qarşı-qarşıyadılar. Güney Azərbaycan türkləri milli haqlarnın təmin olunması ilə bağlı müxtəlif şəraitlərdən yararlanaraq fəaliyyətlərini davam etdirirlər”.