Solovyov  “saman altından su yeridir” – “Onun Qarabağ təxribatı Rusiyanın dövlət siyasətinə ziddir”




Azərbaycanla Rusiya arasında son 4 ayda iki sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”. Rusiya tərəfdən birinci sənədi Prezident Vladimir Putin, ikincisini isə xarici işlər naziri Sergey Lavrov imzalayıb. Bu sənədlər tərəflərin üzərinə bir sıra məsuliyyətlər qoyur. Ancaq sazişlərin mürəkkəbi qurumamış rusiyalı telejurnalist  Vladimir Solovyov yenə anti-Azərbaycan çıxışı ilə seçilib. O, bu dəfə “Polnıy kontakt” (“Tam təmas”) verilişinə Azərbaycanın satqın vətəndaşı, separatçı David Babayan adlı araqarışdıran “siyasətşünas”ı dəvət edib. Babayanın Azərbaycan qarşı çıxışları hər kəsə məlumdur. O, regionda sülhə və əməkdaşlığa əks mövqedə dayanan iğtişaşçılardan, bölgədə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə qarşı olanlardandır. Bu, həm də onun regionda pozuculuq fəaliyyət üçün tapşırıq yerinə yetirdiyini də ehtimal etməyə əsas verir. 

Problem Solovyovdadır. Rusiyanın təbliğat ruporlarından sayılan bu jurnalist əxlaq, peşə əxlaq, beynəlxalq hüquq, dövlətlərarası münasibətlər kimi bütün normaları pozub. O, öz dövlətinə xəyanət edib. Solovyov bununla da Vladimir Putin və Sergey Lavrovun imzaladıqları sənədləri heçə sayıb. Halbuki müttəfiqliyə dair Bəyannamədə onun fəaliyyətini tənzimləyəcək bənd var. Solovyov ilk növbədə həmin sənədin birinci maddəsini “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar” və 11-ci maddəsini “ Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar” pozub.

İyunun 24-də Sergey Lavrovun imzaladığı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”nin müxtəlif müddəaları da pozulub, bu bəndlərin pozlumasına şərait yaradıb.

Bu, Rusiya KİV təmsilçiləri, o cümlədən Solovyov tərəfindən edilən ilk qərəzli yanaşma, səhv deyil. Şəxsən Solovyov əvvəllər də anti-Azərbaycan çıxışları ilə seçilib.

Solovyovun satılmış teleaparıcı olduğunu deyən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov qeyd edib ki, rusyalı telejurnalist  göstərişlər yerinə yetirir:

“O həmin verilişdə Azərbaycanın mövqeyini öyrənə bilmədiyi üçün guya ölkəmizdən üzür istəyir. Amma qondarma rejimin “XİN başçısı Babayanı” bir tərəf kimi təqdim etməyə çalışır. Rəsmi Bakı qondarma rejimi tərəf  hesab etmir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Solovyovun təxribatı növbəti dəfə “saman altından su yeritməkdir”. Guya Azərbaycandan kiməsə zəng etmək istədi, bildirdi ki, Azərbaycan tərəfindən kimsə danışmaq istəyirsə, buyursun.  Amma qondarma rejim tərəfindən iştirak edən Babayanla heç bir Azərbaycan vətəndaşı  dialoqa, müzakirələrə qatılmazdı. Çünki o, tərəf ola bilməz. Biz öz xəyanətkar vətəndaşımız olan Babayanla Sovolyovsuz da  müzakirə apara bilərik. Dialoqa gedə bilərik. Solovyovun ən yaxşın dostu “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyandır. Onlar ailəvi dostdurlar. Karapetyanın uşaqlarının xaç atası Solovyovdur. Solovyovun bu addımı Rusiyanın dövlət siyasətinə ziddir. Çünki bu günlərdə Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi sahəsində sənəd imzalandı. Bu sənədin mürəkkəbi qurumamış o, informasiya savaşında Karapetyanın mövqeyini müdafiə etdi. Ya görünür, Karapatyan ondan bunu istəyib, yaxud da o, özü bunu Karapetyana kompliment edir. Əlbəttə, mütləq şəkildə Rusiyadakı səfirliyimiz “Rusiya-1” kanalının rəhbərliyinə etiraz etməlidir. Bu cür təxribatalar davam edəcəyi təqdirdə Azərbaycan tərəfindən də mənim kimi  Rusiyadakı tanınmış jurnalistlərin çıxışlarına imkanlar tanınmalıdır. Onlara hər hansı bir əngəl törədilməməlir. Bizə də “yaşıl işıq” yandırılmalıdır. Azərbaycan XİN və o ölkədəki səfirliyimiz nota verməlidir. Ortada iradə və tələb olmalıdır, Sadəcə rəsmilər deyil, Rusiya vətəndaşı olan azərbaycanlılar da bu sayaq təxribatların dayandırılmasını tələb etməlidirlər.  Bu tələb olmasa, belə məsələləri ört- basdır edəcəklər. Nota verib, bu cür  təxribatlara yol verənlərin cəzalandırılmasını tələb etməliyiok”.