Suriya, İraq mənzərəsi onlara dəhşət yaşadıb


Vətənə dönən uşaqlarla davamlı psixoloji iş aparılmalıdır

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan Vətənə qaytarılan şəxslərin (repatriant) sosial reinteqrasiyası və sosial-reabilitasiyası tədbirlərini davam etdirir. Nazirliyin məlumatında qeyd olunur ki, artıq Suriya və İraqdan ölkəyə gətirilən daha 10 repatriant uşaq və 2 ana yaşadıqları ailədə Agentliyin sosial işçiləri tərəfindən təfsilatlı qiymətləndirilib və onlar üçün sosial reabilitasiya planı hazırlanıb. 

Psixoloqlar tərəfindən ilkin sosial-psixoloji yardım xidməti zamanı hər bir şəxslə ayrıca psixoloji qiymətləndirmə həyata keçirilib, travma sonrası müşahidə olunan əlamətlərin kəskinliyi qiymətləndirilib. Repatriasiya olunmuş şəxslər və onların ailə üzvləri ilə sosial-psixoloji dəstək üzrə xüsusi əhəmiyyət daşıyan reabilitasiya işi davam etdirilir. 

Bu ilin ilk 6 ayında Sosial Xidmətlər Agentliyinin psixoloqları tərəfindən ümumilikdə 11 rayon üzrə 105 repatriasiya olunmuş şəxs sosial reabilitasiya və reinteqrasiya işinə cəlb edilib. Ümumilikdə isə ölkə üzrə 146 ailədə 378 repatriantla iş aparılır. Qeyd edilir ki, 2018-ci ilin avqust ayından etibarən Azərbaycan vətəndaşları mərhələli şəkildə repatriasiya edilir. Həmin şəxslərin reabilitasiya və reinteqrasiyası aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir.

  Azərbaycanlıların Suriya və İraq ərazisində qalması bu və ya digər şəkildə həmin ölkələrdəki müharibə şəraiti ilə bağlıdır. Onlar arasında bu ölkələrdəki silahlı münaqişələrdə birbaşa iştirak edənlər, özündən asılı olmayan səbəblərdən geri dönə bilməyən qadınlar, eləcə də, taleyin hökmü ilə bu ölkələrdə dünyaya gələn körpələr də var. Geri dönmək istəyənlərə və çarəsiz qalanlara Azərbaycan dövləti yardım edir. 

Nazirliyin də açıqladığı kimi qayıdış proqramı 2018-ci ildən icra olunur, hazırda 2378 repatriantla – geri dönənlərlə sosial-psixoloji iş aparılır. Kimin hansı səbəbdən Suriya və İraq müharibəsinin od-alovunun içində qalması, başqa mövzudur. Silahlı münaqişələr və müharibələrdə ən çox zərər çəkənlərin məhz uşaqlar olması isə təkzibolunmaz faktdır. 

Ötən il Türkiyə Respublikasının Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 4 nəfər uşağın vətənə repatriasiyası həyata keçirildi. Onların ölkəyə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutdu. Yəni bu, davamlı işdir.  

  Suriya və İraqdan Azərbaycana qayıdan soydaşlarımızla bağlı həyata keçirilən sosial reabilitasiya proqramı barədə “Şərq”ə danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial-psixoloji yardımın əhəmiyyətini vurğuladı: 

- Öncə vətənə repatriasiyası nəzərdə tutulan uşaqların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilir. Daha sonra onların qayıdışına məsul işçi qrup formalaşır və müəyyən edilmiş ölkəyə ezam edilirlər. Türkiyədən Azərbaycana gətirilən uşaqlarla bağlı məhz belə oldu. Bu, dövlət tərəfindən həyata keçirilən xüsusi repatriasiya proqramıdır. Uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilir, onlara zəruri yardım göstərilir,  “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilir və geri qayıdırlar.  

Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirləri həyata keçirir. Dövlət vətəndaşlarını yiyəsiz, sahibsiz qoymur.  Məlumdur ki, İraq və Suriyadan Azərbaycana gətirilən uşaqlar müəyyən qruplaşmaların nəzarətindəki ailələrə mənsubdur. Əgər onlar sığınacaqda, uşaq evində olublarsa, deməli, valideynləri ya həbsdədir,  ya da vəfat edib. Əvvəlcə bu araşdırılır, çünki uşaqların ailəsi yoxdursa, bu hal onlarla bağlı veriləcək qərara təsir edir. 

Belə uşaqların xüsusi reabilitasiyaya ehtiyacı olduğundan onlar dövlət müəssisəsinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin) sığınacağına yerləşdirilir. Çünki bu uşaqlarla davamlı psixoloji iş aparılmalıdır.  Uşaqların reabilitasiyası başa çatdıqdan sonra onların harada yerləşdiriləcəyi ilə bağlı qərar verilir. 

Əgər uşaqların valideynlərinin olmadığı müəyyənləşibsə, ikinci dərəcəli qohumları varsa və onlar qəyyum kimi çıxış edirlərsə, o zaman qəyyum təyin edilrlər və uşaqlar həmin ailələrə verilir. Yox əgər, qohumlar olmasa, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar kimi uşaq müəssisəsinə yerləşdirilirlər. Bütün hallarda istər uşaq olsun, istər böyüklər, onlarla psixoloji iş aparılmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün reabilitasiya proqramlarının düzgün təşkili çox önəmlidir. Bu şəxslər Suriya, İraq mənzərəsindən uzaqlaşmalı, psixoloji durumları sağlamlaşmalıdır.