Yerli icra hakimiyyəti orqanlarını cəmiyyətin diqqət mərkəzindədir. Dövlət-cəmiyyət münasibətlərinə təsiredici rola malikdir. Bu baxımdan STM yerli icra hakimiyyətləri ilə bağlı analitik hesabat hazırlayıb.
Sənəddə Azərbaycanda yerli icra hakimiyyəti başçısı vəzifəsinin təsis olunduğu tarixdən (18 oktyabr 1991-ci il) ötən 30 il ərzində bu istiqamətdəki kadr siyasətinin mənzərəsi müqayisəli olaraq təqdim edilir. Yerli icra hakimiyyəti başçılarının profilləri, vəzifəyə təyinat və azad olunmaların dinamikası göstərilir. Bu vəzifəli şəxslərin ümumi və təyinata qədərki əmək fəaliyyəti, vəzifəyə təyinat və vəzifədə qalma müddəti, təhsil səviyyəsi qeyd olunur. Onların ixtisas istiqamətləri, yaş qrupu, region mənsubiyyəti kimi müxtəlif parametrik göstəriciləri ayrı-ayrı dövrlər və iqtisadi-inzibati rayonlar üzrə, eləcə də seçilən digər ölkələrin analoji göstəriciləri ilə müqayisəli formada təhlil edilir.
Qeyd edək ki, hesabat xidməti istifadə üçün nəzərdə tutulub.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli sözügedən hesabata dair fikirlərini "Sherg.az"la bölüşüb. Onun sözlərinə görə, STM ilk dəfədir, yerli icra hakimiyyətləri ilə bağlı belə bir hesabat hazırlayır:
"Bütövlükdə inam indeksi hesabatı çərçivəsində hakimiyyət qollarına ictimai münasibəti öyrənmişik. İcra başçılarının vəzifəli şəxslərlə müqayisədə ictimai-siyasi fiqur kimi cəmiyyətdə oynadığı rol öyrənilir. 18 oktyabr 1991-ci ildən bəri kadrların profilləri, təyin olunma dinamikaları, əmək fəaliyyətləri, vəzifədə qalma müddətləri, təhsil səviyyələri, yaş, cinsiyyət, region və s. istiqamətlər ölçülüb. Hesabat ortaya çıxarır ki, növbəti praktiki təyinatlarda təcrübələr nəzərə alınsın".