Azərbaycan-Özbəkistan-Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşləri keçiriləcək.Toplantı avqustun 2-də Daşkənddə baş tutacaq. Məlumata görə, görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq. Eyni zamanda, Xəzər dənizindən keçən Şərq-Qərb dəhlzii ilə bağlı perspektivlər barədə danışılacaq. Belə bir oxşar görüş bir müddət əvvəl Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat nazirləri arasında gerçəkləşib.
Görüşün perspektivini şərh edən politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, əsas hədəf türk dövlətlərinin inteqrasiyadır:
"Həm iqtisadi, ticari, həm humanitar, həm mənəvi-psixoloji, bir sözlə, hər cəhətdən türk toplumun inteqrasiyası ilə bağlıdır. Nəqliyyat əlaqələri, mümkün kommunikasiyalardan maksimum yararlanmaq siyasəti öndədir.
Qlobal qarşıdurma çərçivəsində kommunikasiyalarla əlaqəli problemlər mövcuddur. Xüsusilə Ukraynada Qərb Rusiya qarşıdurması kontekstində Moskvaya tətbiq olunmuş sanksiyalar var. Ona görə yeni Şərq - Qərb kommunikasiya sistemi daha çox aktuallıq təşkil edir.
Əsas hərəkətverici qüvvə Azərbaycan, Türkiyə və Orta Asiyadakı Türk Cümhriyyətləridir. Özbəkistanın da prosesə qatılması türk dünyası, Azərbaycan - Türkiyə adına gələcəyə hesablanmış hadisədir.
Şərq - Qərb kommunikasiya xəttinin güclənməsi Avropa Birliyi ilə Çin kimi hegemon iqtisadi gücə malik dövlətlərin geosiyasi maraqları çərçivəsindədir. Şərq - Qərb körpüsünün aktuallaşması bu xətdəki bütün dövlətlər üçün iqtisadi yöndən faydalıdır.
Prosesdə Qazaxıstan da yer alır. Qazaxıstanın Rusiyayla kölgədə olan problemləri tədricən gün üzünə çıxır. Rəsmi Nur - Sultan da anlayır ki, belə ölkələrlə iqtisadi-ticari inteqrasiyanı gücləndirməyə ehtiyac var.
Türk dünyasının birləşməsi fəlsəfəsində əsas hərəkətverici iki dövlət Azərbaycan və Türkiyənin marağındadır".