Şahlar Göytürk: "Son illər KİV-lərin dili ilə bağlı ciddi nailiyyətlər əldə olunub"
Əvvəllər insanlarımız ərəb-fars dilini öyrənməyə, o dildə danışmağa meyil edirdi. Bu gün isə rus-ingilis dillərinə eyni formada meyiletmə var
"Gələcəkdə dilimizlə bağlı qaydalar bir az daha sərtləşdiriləcək. Dövlət dilini bilməyən şəxslər işə götürülməyəcək, məmurlar yüksək vəzifələrə təyin edilməyəcək"
Bəzən dərsliklərimizdə elə səhvlər buraxılır ki, 2-ci sinif şagirdi belə həmin sözün yanlış yazıldığını başa düşür. Halbuki, bu, çox ciddi bir nöqsandır
"Ana dili" günüdür. Hər il olduğu kimi bu dəfə də dillə bağlı müzakirələr gündəmə gəlib. Mütəxəssislərin fikrincə, dilimiz çox dəyişib və hazırda da dəyişməyə doğru gedir. Milli-mənəvi dəyərlərimiz sırasında xüsusi yeri olan Azərbaycan dili mövcud olduğu tarixi dövrlər ərzində həm zəngin inkişaf yolu keçmiş, həm də müəyyən vaxtlarda ciddi təsir və təzyiqlərə məruz qalıb.
"Dil haqqında" qanun var, amma onun işləmə mexanizmi yoxdur. Kim necə istəyir o formada TV-də, dövlət idarələrində, təhsil ocaqlarında, küçədə danışır. Yuxarıda qeyd etdiyim ki, ədəbi dildə danışanları isə artıq lağa qoyurlar.
Biz ötən əsrin əvvəllərində "Anamın kitabı" tragikomediyasında məhz bu problemin əks olunduğunu görürük. Bu əsərdə rus dilinə meyilli Rüstəm bəy, fars dilinə meyilli Mirzə Məhəmmədəli, türk dilinə meyilli Səməd Vahid obrazlarının timsalında ədib XX əsrin əvvəllərində bəzi ziyalıların ana dilinə biganə münasibətini ürək yanğısı ilə təsvir etmişdi. Bu gün də dilimiz eyni taleyi yaşayır. Dəyişən sadəcə yüzillik olub.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik Təhlil və Proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Göytürk isə “Şərq”ə açıqlamasında deyib ki, yad təsirlərə meyl olsa da, dilimizin mövcud durumu o qədər də bədbin deyil:
- İl yarım bundan əvvəl Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Monitorinq Mərkəzi Azərbaycan Respublikasında dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən hüquqi şəxsdir.
Bu Mərkəz vasitəsi ilə daimi olaraq monitorinqlər aparılır və nəticələri də ictimaiyyətə açıqlanır. Dilçi alimlər, ziyalılar, media nümayəndələri ilə birlikdə mübahisəli məsələlər müzakirə olunur.
Kütləvi İnformasiya Vasitələrinin, reklam lövhələrinin dilindəki səhvlərlə bağlı ciddi addımlar atılır. Ötən bu müddət ərzində keçirilən monitorinqlərin nəticəsi ilə bağlı 4 kitab ərsəyə gətirilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
- Monitorinqlər dil sahəsindəki mövcud problemlərin aradan qaldırılması üçün yetərli olacaq?
- Sözsüz ki, dilimiz var olduqca problemlər, çatışmazlıqlar da olacaq. Lakin köklü problemlərin əksəriyyəti öz həllini tapacaq. Son illər kütləvi informasiya vasitələrinin dili ilə bağlı bir çox işlər görülüb. Müşahidələrimiz göstərir ki, bu sahədə ciddi nailiyyətlər əldə olunub. Dilçilik İnstitutu saytların və televiziyaların dili ilə bağlı monitorinqlər aparır. Aşkarlanan qüsurlar ictimaiyyətə açıqlanır, media orqanlarına qüsurların düzəldilməsi ilə bağlı məsləhətlər verilir. Dilçilik İnstitutu daim dillə bağlı qüsurların aradan qaldırılmasına çalışır. Çünki kütləvi informasiya vasitələri birbaşa kütləyə ünvanlanır və maarifləndirici funksiya daşıyır. Media nümayəndələri dil məsələsində ehtiyatlı olmalıdırlar.
Bilirsiniz ki, xeyli müddətdir aparılan monitorinqlərin nəticələri ilə bağlı müvafiq qurumlara xəbərdarlıq etdikdən sonra eyni xətalara təkrar yol verilərsə, cərimələrin tətbiq edilməsi məsələsi gündəmdədir. Dilin qayda-qanununa riayət etmək medianın borcudur.
Onu da deyim ki, ölkəmizdə dilin tətbiqi sahələrində olan qüsurların təhlili ilə bağlı xeyli sayda dilçilərin, ziyalıların məqalələri çap olunur. Həmin məqalələrdə dildə gedən proseslər diqqət mərkəzində saxlanılır və bu prosesin müsbət və mənfi cəhətləri araşdırılır. Bəzən sosial şəbəkələrdə, media orqanlarında dilimizdəki problemlərlə bağlı xoşagəlməz sözlər yazılır. Halbuki, vəziyyət o qədər də acınacaqlı deyil. Həmin çıxışlar pafos xarakterlidir. Dillə bağlı bütün məsələlər dövlətin nəzarətindədir. Cənab İlham Əliyev dilimizə böyük sevgi, diqqət və qayğısının bariz ifadəsi olaraq bildirdi: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Onu da deyim ki, dilçilik sahəsində mövcud olan bütün problemləri bu sahənin üzərinə atmaq da doğru deyil. Dilçilik sahəsində yaşanan nöqsanların böyük əksəriyyəti cəmiyyətdənn qaynaqlanır. İnsanlarımız dilimizə qarşı çox səhlənkar yanaşır, başqa dillərə daha çox meyl edir.
- Bəs, cəmiyyət niyə öz dilinə xor baxır?
- Bu problem günümüzlə bağlı deyil. Tarix boyunca ana dilimizə qarşı ögey münasibət olub. Əvvəllər insanlarımız ərəb-fars dilini öyrənməyə, o dildə danışmağa meyil edirdi. Bu gün isə rus-ingilis dillərinə eyni formada meyiletmə var. Cəmiyyətin bir kəsimi üçün Azərbaycan dili hər zaman ikinci dərəcəli olub. Biz xarici dil öyrənməyin əleyhinə deyilik, amma ana dilimizi mükəmməl öyrəndikdən sonra. Bu məsələdə əsas sevgi lazımdır. Əgər sevgi olmasa, burada cəzaların heç bir əhəmiyyəti ola bilməz. Biz dil məsələsini inzibati müstəvidə həll eləsək, bu, dilə qarşı hörmətsizlik olar. Hesab edirəm ki, belə olan halda ictimai qınaq və sevgi olmalıdır. Yuxarıda da qeyd etdiyim kimi dil təkcə Dilçilik İnstitutunun problemi deyil, dil bütöv cəmiyyətin, millətin, xalqın problemidir.
Təhsil naziri Emin Əmrullayevin də ötən brifinqdə qeyd etdiyi kimi Azərbaycanda icbari təhsili dövlət Azərbaycan dilində təmin edir. Heç yerdə yazılmayıb ki, uşağı xarici dildə təhsilə cəlb etmək icbari məsuliyyəti, yaxud vəzifəsi var. Övladını rus bölməsinə qoymaq istəyən valideynlər tərəfindən bu, düzgün anlaşılmır.
Bizdə bəlli sayda rus bölməsində təhsil verən siniflər var və bu say sabitdir.
Bu, dövlətin yeritdiyi siyasətin tərkib hissəsidir. Gələcəkdə dilimizlə bağlı qaydalar bir az daha sərtləşdiriləcək. Dövlət dilini bilməyən şəxslər işə götürülməyəcək, məmurlar yüksək vəzifələrə təyin edilməyəcək. Bu sahədə çox ümidliyəm. Əsas odur ki, media və kino sahəsinin nümayəndələri dilimizə biganə yanaşmasın.
- Şahlar müəllim, dərsliklərimizdə də kifayət qədər dil qüsurları var axı!?
- O məsələyə də toxunacam mütləq. Ötən tədbirlərin birində rejissorlarla radio və televiziyalarda rastlaşdığımız nöqsanlarla bağlı söhbət aparırdıq. Onlar qeyd edir ki, ədəbi dildə danışanda heç kim bizə qulaq asmır. Axı ədəbi dil sadəcə kitab dili deyil. Filmlərimiz, efirlərimiz şifahi ədəbi dildə danışmalıdır. Bizim istəyimiz sadəcə orfoepiya qaydalarına düzgün əməl olunmasıdır. Dərslik məsələsinə gəldikdə isə sizinlə razıyam. Bununla bağlı da çoxlu iradlar səslənir. Amma Mərkəz olaraq dərsliklərlə bağlı monitorinq aparmaq səlahiyyətimiz olmadığı üçün bu barədə konkret fikir deyə bilmərəm. Amma ümumi müşahidələrim əsasında deyə bilərəm ki, dərsliklər yazılarkən bəzən elmi səhvlər də buraxılır. Yəni belə səhvlərin buraxılmaması üçün kitab bir neçə dəfə korrektə olunmalıdır. Xüsusən ekspertlər tərəfindən redaktə və korrektə olunmalı, sonra çapa buraxılmalıdır. Elmi səhvlərin olmaması üçün ekspertlər özləri mütləq savadlı olmalıdırlar. Bəzən dərsliklərimizdə elə səhvlər buraxılır ki, 2-ci sinif şagirdi belə həmin sözün yanlış yazıldığını başa düşür. Halbuki, bu, çox ciddi bir nöqsandır. Hər hansı nəşriyyatın çap etdiyi vəsaitdə belə bir nöqsan olsa müəyyən mənada anlamaq olar. Dərslikdə heç bir nöqsan olmamalıdır. Gələcəyimiz olan uşaqları yanlış öyrətmək, elə gələcəyimizi yanlış yönəltmək kimi bir şeydir. Odur ki, bu məsələyə aid olan şəxslərin, qurumların öz işlərinə məsuliyyətlə yanaşmaları çox vacibdir.
- Bu gün KİV-lərdə, filmlərdə yol verilən yanlışlar, dil qüsurlarının kökü bəlkə də elə dərsliklərimizdəki problemdən qaynaqlanır?
- Razıyam! Biz problemi cəmiyyətin dilimizə qarşı sevgisizliyi ilə əlaqələndirib, həlli yolunu qəzetlərdə, televiziyalarda yol verilən səhvlərin aradan qaldırılmasında görürük. Hər hansı bir media orqanında çalışan jurnalistin yazısını, çıxışını monitorinq edib dilində qüsur tapırıq. Bu günün özündə belə “da”-“ də” ədatı ilə ismin yerlik hal şəkilçisini fərqləndirə bilməyən jurnalistlər var. Deməli, problemin həllinə təhsildən başlamaq lazımdır. Dilimizin qrammatikasını düzgün öyrənən şagird gələcəkdə hansı peşə sahibi olsa öz nitqində, yazısında dilimizin qayda-qanunlarına düzgün əməl edəcək.