Tanınmış jurnalist Araz Zeynalovun vəfatı böyük hüzn yaratdı
Azərbaycan mediası daha bir işıqlı adamını itirdi. Tanınmış jurnalist Araz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Mərhumun cənazəsi Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə media təmsilçiləri, jurnalistin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Araz Zeynalovun qardaşı Aqşin Zeynalov qardaşının ürəktutmasından dünyasını dəyişdiyini deyib: “İnfarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirdik. Orada məlum oldu ki, nə zamansa koronavirusa da yoluxubmuş”. A.Zeynalov bildirib ki, qardaşı ömrünün son günlərinə qədər medianın inkişafı üçün əlindən gələni əsirgəməyib. Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist Araz Zeynalovun vəfatı ilə bağlı nekroloq yayıb: “Azərbaycanın müasir dövr jurnalistikasının tanınmış simalarından olan Araz Zeynalov vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.
Araz Hidayət oğlu Zeynalov. 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. A.Zeynalov mənalı ömür yaşayıb. Bu ömrə məna verən onun söz sənətinə könüldən bağlılığı, sözün məqamını daim uca tutması olub. Yaddaşlarda da jurnalistikaya kübarlıq, alicənablıq gətirməyi bacaran həmkar kimi qalıb. A.Zeynalov çalışdığı “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspi” qəzetlərində, həmçinin “Vesti.az” saytında özünəməxsus peşəkarlıq dəst-xətti ilə seçilməklə yanaşı, bu media orqanlarında fəaliyyətə başlamış gənc həmkarları üçün örnəyə, etalona çevrilmişdi. Onlara praktik müstəvidə peşənin sirlərini öyrətmiş, jurnalistikanın məziyyətlərinə qatlaşmağı, incəliklərini nəzərə almağı zövq işi kimi aşılamışdı. Onu tanıyan hər kəs üçün qayğıkeşlik, təəssübkeşlik, səmimiyyət nümunəsi olan, düşüncələrdə canlı məktəb kimi qalan A.Zeynalovun vəfatı Azərbaycan jurnalistikası üçün böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına, saysız-hesabsız həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini, acılarını bölüşürük”.
Sosial mediada A.Zeynalov haqqında yazılan xatirələr, kədərli statuslar da göstərir ki, mərhum həmkarımız bütün media cameəsinin sevdiyi və rəhmət dilədiyi biri olub.
Jurnalist, tərcüməçi İbrahim Nəbioğlu A.Zeynalov haqqında “O mənim dostumdur. Can dostum, sirdaşım, yoldaşım” deyə bəhs edib.
İ.Nəbioğlu onun haqqında heç vaxt keçmiş zamanda danışa, yaza bilməyəcəyini deyib: “Və indi, bu dəqiqə, onun yaratdığı bu boşluqda anlayıram, onun arxasınca nəsə yazmaq əlimdən gəlməyəcək…
Bu yazını 60 yaşı tamam olan gün – doğum günündə yazmışdım. Burada Araz indiki zamandadır, hər zaman da belə qalacaq…
ARAZ, BURDAYIQ, DUR GƏL...
Arazın 60 yaşı tamam olur bu gün. Əfsanəvi Hidayət Zeynalov və bənzərsiz Məryəm xanımın oğlu, Aqşinin böyük qardaşı, Orxan Zeynallının atası, Rəbiyyə xanımın ömür-gün yoldaşı, Afaq Vasifqızının qaynı, Azad Zeynalovun əmisi oğlu, Azer Suleymanovun sinif yoldaşı və ən yaxın dostu, bir çox dostumun Baş redaktoru, Vüqar Həsənovun, Mətin Yaşaroğlunun, Tural Ağatlının Abisi, xeyli həmkarımın Ustadı...
"Panorama" qəzeti yayım həyatına başlayanda Eldar Namazov Ankarada, Çankaya köşkündə mənə dedi ki, təzə çıxan qəzetə yazı yaz. "BBC-yə sərf etdiyin vaxtı yenicə ərsəyə gələn qəzetə sərf et. Araza zəng edərsən Bakıya gələndə", – ən axırda belə dedi Eldar müəllim...
Bakıya gələndə Araz Qurbanova telefon edib, "Köşə yazmağa fiziki olaraq imkanım yoxdur" dedim. Əziz Araz (Qurbanov) "Nə qəzet, qəzetim zadım yoxdur" dedi.
Araz Qurbanovu şəxsən tanıyırdım. Araz Zeynalovu qiyabi tanıdığımdan qarışdırdım iki məşhur Arazı. Və yazmadım. 6 ay sonra Azərbaycan prezidenti, mərhum Heydər Əliyev rəsmi səfərlə Ankaraya gələndə "Çamlı Köşk"də mənə "Sən niyə köməkçimin sözünü yerinə yetirmirsən?" deyəndə cavab verməyə söz tapmadım.
Səfər başa çatanda prezidentin təyyarəsi ilə Bakıya gəldim. Arazla (Zeynalovla) ilk dəfə qəzetin redaksiyasında, onun böyük kabinetində tanış olduq. Məni Respublika Xəstəxanasının yanındakı bir restorana dəvət etdi, "Gedək bir az iş danışaq" dedi.
Çatanda bütün redaksiyanın (kişilər) restoranda (əslində o vaxt Bakıda restoran az idi, kafe idi yəqin) olduğunu gördüm. Yolda Araza çox üz vurmayın ("Siz" deyə müraciət edirdim ilk gün), həftədə 1 yazı yazaram dedim.
Bir həftə sonra həftədə 2 dəfə, 3 həftə sonra isə hər gün yazmağa başladım. AzTV-nin sədri, professor Nizami Xudiyev bir ay sonra Ankaraya zəng elədi ki, a bala, sən AzTV-nin müxbirisən, ya "Panorama"nın? Nizami müəllimə dedim ki, bütün iradlarınızı Eldar Namazova bildirin. Bildirmədi. Həm də görünür, əla bir qəzetin yayım həyatına başlamasından o da məmnun idi.
Ancaq "A bala, həm "Zerkalo"da imzan var, həm "Panorama"da, olmaz axı belə" deyəndə razılaşdım, daha "Zerkalo"ya yazmayacağımı dedim. Ancaq Elçinin (Şıxlı) qəzetinə bir müddət "Bulud Günəş" imzası ilə yazmağa başladım...
Arazı işsiz qaldığı günlərdə də müşahidə etdim, illərlə çətinlik çəkdiyi vaxtlara şahid oldum, izlədim. Yoldaş olduq, bir də baxdım ki, dostuq. Dostluq etdik uzun illər, bir də gördük ki, qardaş olmuşuq. Sınmadı Araz, tanıdıqca, ailəsini, Orxanı, HOST-u tanıdıqca, "Torpağı verməyiblər, orda təkcə qəbir qazaq" misralarını dinlədikcə çox uzun yol qət etdik, ölərək, əksilərək, yaşlanaraq gəldik.
"Vesti" mərhələsi başladı. Araz bir kəlmə dedi ki, kömək elə, yaxşı bir media təşəbbüsü var. İlk gündən xəbər yazdım, məqalə, publisistika yazacaq yaşda xəbər yazmağa başladım - dörd, beş cümləlik xəbərlər, çox vaxt imzasız, çox vaxt ünvansız.
Araz yenə də bacarmışdı, "Panorama"ya verdiyi sevgini "Vesti"yə yönəltmişdi. Araz yenidən doğulmuşdu, inanırdı ki, faydalı bir iş görür. Və yanılmamışdı. "Araz necəsən?" deyə sual edəndə təvazökarcasına "Ermənilərlə mübarizə aparırıq" deyirdi...
Vətən müharibəsindəki media savaşında Arazın da şəksiz payı var. Arazın da bizim "jenerasyon" kimi tək bir gözləntisi vardı - erməniləri piyada qoymaq, Qarabağ Zəfərinə hazırlaşmaq, Şuşanın dumanlı dağlarına doğru yola çıxmaq...
Bakıdayam, bu sətirləri Arazın dostu, vəfalı Siyavuş Atakişiyevin xudmani məkanında yazıram. Bura Arazın dostları ilə gözəl günlər gördüyü yerdir. Bir saatdır burdayam. Günorta Arazın ata evində, Hidayət müəllimin ocağında idik - Araz, mən, Ağamehdi, Azad (akademik), Aqşin və Siyavuş. 60 yaşını təbrik etdik. Araza kimlər zəng elədi, kimlər ziyarətə gəldilər – oturub izlədim. “İstədiyim adamlar da təbrik edəcəklərmi?” deyə maraq etdim...
Heyyyy, vəfasız dünya, heyyyyy, yaxşı günlərin dostları... Axı Araz yaxşıdı, niyə zəng vurmursuz, niyə ona difirambalar düzmürsüz... Bilirəm niyə beləsiz...
Araz, burdayam, Siyavuşla məkan bağlanana qədər səni gözləyəcəm. Əminəm ki, gələcəksən. Hələlik...”
Jurnalist Aidə Eyvazlı isə A.Zeynalovdan jurnalistikamızın əfsanəsi deyə bəhs edib: “Araz, Araz Xan Araz,
Sultan Araz! Xan Araz...
Əziz dostum, mərd dostum, heyif səndən... Hər dəfə səsli mesajlarımı cavablandırırdın... 1, həftə əvvəl isə dinlədin, cavab vermədin, səninlə görüşmək istəyirdim... Cavablandırmadın... Fikirləşdim ki, yəqin narahat etməsəm yaxşıdır... Əzizlərimizi, yaxşılarımızı itiririk”.
Hüquqşünas Səbuhi Axundovun sözlərinə görə, Araz müəllimin həmkarları, həmyaşıdları onu yaxşı tanıyırlar və barəsində bundan sonra da yüksək fikirləri bölüşəcəklər: “Mən istədim yazım və həmyaşıdlarıma bildirim ki, Araz Zeynalov kimi jurnalist, şəxsiyyət, sadəliyi, səmimiliyi, köhnə kişilərə məxsus ağır davranışı özündə cəmləşdirən insan çox az görmüşəm. Bilin ki, onun kimi ədəbli, ərkanlı və səbirli kişi bəlkə də barmaqla sayılacaq qədərdir bu həyatda. Ömür boyu əlində qələmi olan insanın, cəmi iki şəkli çıxdı axtarış sistemindən. Bu ondan xəbər verir ki, heç vaxt özünü reklam etməyib, heç vaxt da şöhrətpərəst olmayıb. Nə xoş mənə ki, Araz müəllimlə bir kollektivdə çalışmışam, onu tanımaq şərəfinə nail olmuşam. Dərin informasiyaya sahib biri idi. Onun xətrini həm də ona görə çox istəyirdim ki, müstəqillik dönəmində öz sahəsində təmiz qalmağı bacaran az sayda insanlardan biridi. Əminəm ki, heç kimə pisliyi dəyməyib. Məni görən kimi həmişə Qazaxla bağlı xatirələrini danışardı. Yaşımız arasındakı fərqi heç hiss etdirmirdi. Çox böyük kişi idi. Belə insanlar dünyadan köçdükdə dünya tamam boşalır. Allah sizə rəhmət eləsin, Araz müəllim!”.
Jurnalist Jalə Mütəllimova:
- Əlvida, Araz Zeynalov. Sən Azərbaycan mediasının az sayda qalan, ağ rəngli adamlarından idin. Öyrənməli, mərd, əqidəli kişilərindən idin, əlvida!.. Yaxşı ki, bir kollektivdə çalışmışıq usta, yaxşı ki, səni tanımışam.
APA TV-nin baş direktoru Orxan Məmmədli:
- Araz müəllim atamla tələbə yoldaşı olub. "Ayrı adamlar"dan idi.
Tələbəlik illərindən hansısa xatirəni danışanda anonsu əvvəlcədən üzündə təbəssüm yaradırdı. Bilirdim ki, nəsə xoş bir şey yadına düşüb. Ümumilikdə də çox xoş adam idi. Ağayana idi.
Ruhunuz şad olsun, Araz müəllim!