Azərbaycana başqa yol qoymayıblar! – “Haqq işini reallaşdıracaq"

Son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində gərginlik yaşanır. Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 10 dəfə atəşə tutulub. Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. 

Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

Ermənistanın atəşkəsi pozma halları ilə bağlı "Sherg.az"a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib ki, rus hərbçiləri sülhməramlı missiyasını gerçəkləşdirə bilmədiyi üçün terrorçular atəşkəsi pozur:
"Azərbaycan Vətən müharibəsində haqq işini yerinə yetirərək qanı bahasına düşmənin işğalçı qüvvələrini darmadağın etdi.

 44 günlük müharibədən sonra isə aparılan danışıqlar sülhün bərqarar olması ilə müşahidə edilməli idi. Lakin dünyada ikili standartlar regiona təsirini göstərir. Həm sərhəddə, həm də sülhməramlıların yerləşdiyi ərazilərdə yaranan gərginliyin süni səbəbləri çoxdur. Biri də Ermənistanın hərbi siyasi rəhbərliyinin düzgün mövqe tutmamasıdır. Bəlkə də,  revanşist qüvvələrlə gizli şəkildə əlbirdir. Guya onların aktivliyi ilə atəşkəs pozulur. 

Azərbaycan qonşuluq siyasəti yeridir. Beynəlxalq normalara cavab verən təklifini Ermənistana təqdim edib. Təxribata görə Azərbaycan əsgəri də şəhid oldu. Ordumuz əsgərinin qisasını aldı. Əgər revanşist qüvvələr, ermənilər ağlını başına yığmasalar, hədə-qorxu gəlsələr, Prezident İlham Əliyevin dediyi kimi, "Dəmir yumruq" hər zaman hazırdır".
Ş. Ramaldanovun qənaətincə, ermənilərin 10 dəfə atəşkəsi pozması sülhə gedən yolu əngəlləmək niyyətində olduqlarının göstəricisidir:
" "Qisas" əməliyyatının nəticəsinə əsasən, demək olar, uduzan tərəf ermənilərdir. Azərbaycan bundan sonra da təxribatların qarşısını alacaq, daha təsirli adekvat cavab verəcək. 
Sülhməramlı qüvvələr Rusiya Prezidentinin də imzaladığı 9 noyabr üçtərəfli bəyannamənin dördüncü bəndini yerinə yetirmir. Dövlətə, dövlətin qanunlarına tabe olmayan silahlılar dünyada terrorçu adlanır. Azərbaycan ərazisində də təəssüf ki, tərk-silah edilməyən ermənilər var. Cəmiyyəti haqlı səbəbdən narahat edən məsələ dördüncü bənddir. Halbuki Rusiya Ukraynada öz maraqlarını qorumaqdan ötrü əməliyyatlar aparır. Sülhməramlı kimi Azərbaycanın maraqlarına, bəyannaməyə zidd hərəkət edir. Belə çıxır ki, sülhməramlılar terrorçuları qoruyur. Əgər sülhməramlılar orada olmasaydı, Azərbaycan özü erməniləri tərk- silah edərdi. Sülhməramlıların qanunsuz erməniləri tərki silah etməyə gücü çatmırsa, Azərbaycan Ordusu yerinə yetirsin. 
 Sülhməramalıların yerləşdiyi ərazidə atəşkəsin 4 dəfə pozulması bir daha Azərbaycanın qəti addım atmasının vacibliyini artırır. Azərbaycana başqa yol qoymayıblar. Ölkəmiz öz haqq işinin reallaşdırılmasına nail olacaq".