Ermənistan anarxiya girdabında! – “Vətəndaş müharibəsi...”

“Sabitliyin pozulması, qarşıdurumanın güclənməsi problemləri çoxaldır”

44 günlük Vətən müharibəsində sarsıdıcı zərbələrdən sonra özünə gələ bilməyən rəsmi İrəvanda siyasi, iqtisadi, hərbi böhran getdikcə dərinləşir. Ölkə xaos girdabındadır, anarxiya pik həddə çatıb. Təsadüfi deyil ki, indi Ermənistanda silahlı qruplaşmalar arasında da atışma baş verir. "Shamshyan.com"un məlumatına görə, hadisə Armavir əyalətində qeydə alınıb. Atışma zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri tibb müəssisəsində ölüb. Faktla bağlı cinayət işi başlanıb, polis hadisənin başvermə şəraitini araşdırır.

Ermənistandakı mövcud durumu “Sherg.az”a şərh edən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətovun qənaətincə, siyasi vəziyyətin ağır olması iqtisadi faktorlara təsirsiz ötüşmür:

“Vəziyyət necə kritikdirsə, silahlı qruplaşmalar arasında atışmaya qədər gəlib çıxıb. Baş verənlər Ermənistanın özündən və onu idarə edən şəxslərdən, eyni zamanda müxalifətin üzərinə düşən məsuliyyətdən aslıdır. Kənar güclərin təsiri də prosesin gedişatına təsir göstərir. Sabitliyin pozulması, qarşıdurumanın güclənməsi problemləri çoxaldır. Qarşısı vaxtında alınmalıdır. Əks halda gələcəkdə Ermənistanda vətəndaş müharibəsi ilə nəticələnə bilər. Belə halın yaşanması regiona da müsbət təsir etməyəcək. Ermənistanla Azərbaycan arasında münasibətlərin tam tənzimlənməsindən ötrü ölkədə stabilliyin yaranması vacibdir. Paşinyan hakimiyyətinin Azərbaycanla sülh danışıqları aparması, sülh müqaviləsinin imzalanması üçün zəruri şərtdir”.

Politoloqun dediklərinə görə, artıq Ermənistan mətbuatı, siyasi analitiklər də etiraf edir ki, hazırki vəziyyət idarəemənin surətlə zəifləməyə doğru irəlilədiyinin göstəricisidir:

“Ermənistandakı gündəmi  yerli siyasətçilər yox,  Azərbaycan Prezidentinin verdiyi açıqlamalar müəyyənləşdirir. Bunu erməni mətbuatı özü yazır. Erməni mətbuatı Prezidentin çıxışlarından sitat verir.  Bu gərginliyin növbəti təzahürüdür. Ermənistan daxilində vəziyyət gərginləşdikcə regional təhlükəsizlik məsələsi sual doğrur. Qısa müddət rəzində Paşinyan hökuməti vəziyyəti nəzarət altına almasa, müsbət təsir vəd etmir”.