Azərbaycan və Türkiyə arasında elektron platforma...- Xüsusi yenilik!

“Təsəvvür edin ki, azərbaycanlı fiziki və ya hüquqi şəxs Türkiyədədir. O,  müxtəlif səbəblərdən tələb olunan sənədlərə görə problemlərlə qarşılaşıbsa, prosesləri rahat gerçəkləşdirəcək”

Azərbaycan və Türkiyənin elektron hökumət portalları birləşəcək.
Sentyabrın 1-də Türkiyədə bu ölkənin “e-devlet” portalı ilə Azərbaycanın “e-gov” portalının inteqrasiyasının təqdimatı keçiriləcək. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, İnteqrasiya Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub. 

Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumunun verməli olduğu sənəd tələb olunursa, onu “e-devlet”dən və yaxud əksinə, Türkiyə vətəndaşından Azərbaycanda hansısa sənəd tələb olunsa, onu “e-gov”dan əldə edə biləcək.

Yeni addımı "Sherg.az"a dəyərləndirən internet-media eksperti Səbuhi Abbasov bildirib ki, uzun müddətdir, bu layihənin üzərində  işlər aparılırdı:

"Həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həm də ASAN xidmətin rəhbərliyi kifayət qədər fikir mübadiləsi aparıblar. Artıq ilkin razılaşmalar da var. Azərbaycanla Türkiyə arasında dövlət başçıları səviyyəsində müxtəlif sahələrdə, xüsusilə elektron hökumətlə bağlı müxtəlif sənədlər imzalanıb. 

Elektron hökumət layihələrinin mərkəzləşdirilməsi, müəyyən proseslərin çevik və innovativ həlli  istiqamətində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. 

Məncə, bu dünyada ilkdir. İki ölkə arasında sənəd dövriyyəsində vahid yanaşma sisteminin tətbiqi heç yerdə yoxdur. Gələcəkdə digər ölkələr nümunə kimi yararlanacaqlar.

Platforma fəaliyyətə başlayanda sözün əsl mənasında şok yaşanacaq. Təsəvvür edin ki, azərbaycanlı fiziki və ya hüquqi şəxs Türkiyədədir. O,  müxtəlif səbəblərdən tələb olunan sənədlərə görə problemlərlə qarşılaşıbsa, prosesləri rahat gerçəkləşdirəcək. Ümumilikdə, İnformasiya Texnologiyaları ( İT ), elektron dövriyyə sahəsində xüsusi yenilik kimi qiymətləndirirəm".