Onlara təkcə psixoloq yox, sosioloq, hüquqşünas, həkim də lazımdır
Türkiyə Respublikasından gələn peşəkar psixoterapevtlər və Fövqəladə Hallar Nazirliyinin (FHN) psixoloqlarının birgə iştirakı ilə Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan vətəndaşlara ödənişsiz psixoloji yardım tədbirləri davam etdirilir. Bu barədə FHN-dən məlumat verilib.
Məlumata görə, müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 5 sentyabr 2022-ci il tarixindən etibarən FHN-in dəvəti ilə Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlarımızın reabilitasiyasını həyata keçirəcəklər.
Hərbi ekspert, psixoloq Azad İsazadənin “Şərq”ə açıqlamasına görə, müharibə zamanı posttravmatik stres pozuntu yaşayan insanlar keçirdikləri emosional hallara, təşviş və həyəcanlara qarşı mütləq mütəxəssis yardımı almalıdır:
“Məsələnin çıxış yolu ümumi reabilitasiya proqramının qəbul olunmasıdır. Hər psixoloq bu işlə məşğul ola bilməz. Hərbi travma ilə işləyən xüsusi psixoloqlar hazırlanmalıdır. Hərbi travma ilə məşğul olan psixoloqlarımızın sayı çox azdır. Paralel olaraq da qazilərin sosial və maddi problemləri aradan qaldırılmalıdır. Psixoloqlar psixoloji reabilitasiya ilə məşğul olmalıdır, ancaq paralel olaraq sosioloji reabilitasiya da olunmalıdırlar”.
Psixoloq həmçinin müharibədən sonra da bir qrup türk mütəxəssislərin Azərbaycana gələrək əhaliyə psixoloji yardımlar göstərdiyini xatırladıb:
"Həmin şəxslər də Fövqəladə Hallar Nazirliyinin dəvətilə gəlmişdi. Həmin vaxtlar psixoloqa çox ehtiyac vardı, ölkədə olan kadr potensialı yetərli deyildi. Çünki hər psixoloq müharibə iştirakçısı, müharibədən əziyyət çəkən əhali ilə işləməyi bacarmır. Bu mənada Türkiyədən gələn mütəxəssislərin də işin bir hissəsini öz üzərlərinə götürmələri müsbət hadisə idi".
Psixoloqun sözlərinə görə, müharibədən əziyyət çəkən insanlara sonra uzun müddət müxtəlif, sırf psixososial reabilitasiyalar lazımdır. Bu reabilitasiya tədbirləri isə ən azı 6 ay, 1 il müddətində davam etməlidir:
“Müharibə qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qaldıqlarından bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır.
Biz başa düşməliyik ki, bu, bir döyüş şəkli deyil. Bu, onların 44 gün ərzində yaşadıqlarının, keçirdikləri streslərin nəticəsidir. Elə insan var ki, birinci döyüşdə elə dəhşətli hadisələrlə qarşılaşır ki, sonrakılar ona yüngül, heç nə kimi görsənir. Ancaq elələri də var, xırda-xırda yığılır. Birində dostu yaralanıb, digərində özü yaralanıb, kontuziya alıb, huşunu itirib, bunlar da getdikcə yığılaraq sonradan hansısa formada özünü büruzə verir.
Ona görə də biz bu işi davamlı edirik. Sözsüz ki, türk psixoloqların yenə gəlməsi bu baxımdan kömək ola bilər. Yəqin ki, ilk növbədə qazilərimizə yardım ediləcək. Çünki əhali yavaş-yavaş bu vəziyyətdən çıxır. Müharibədə iştirak etmiş bütün hərbçilər psixoloji baxımdan hansısa formada travma alıb. Biz ona postravmatik sindrom deyirik. Fiziki cəhətdən yaralanmayıb, amma kəskin psixoloji stres keçirib.
Müharibədə insan öldürüb, dostlarını itirib, ölüm qorxusuyla yaşayıb, daimi aqressiv vəziyyətdə olub. Döyüş vaxtı hərbçidə aqressiya olmasa döyüş apara bilməz.
Aqressiya həmin an müsbət rol oynayır. Amma döyüşdən sonra insanda o aqressiyanı götürmək bacarığı olmalıdır. Vaxtilə hərbi psixologiya qurumu olmadığına görə hərbçilərimizlə hərbi hissələrdə psixoloji iş aparılmayıb. Bunlar ordudan qorxu və aqressiyayla ailələrinə qayıdıblar. Yaralanmayıb, kompensasiya almayıblar.
Amma reallıqda o, qazidir, psixoloji travma keçirib və 2 ilə yaxındır ki, bu vəziyyətdə yaşayıb. Biz onlarla işləyirik və görürük ki, bu insanlar arasında ailə zorakılığı həddindən artıq çoxalıb”.
Psixoloqun sözlərinə görə, bu proses uzun müddətlidir. Bu problemlər 1-2 ildən sonra da olacaq, hansısa başqa formada. Sözsüz ki, zərərçəkmiş əhaliyə yerlərdə yardımı yaxınlaşdırmaq lazımdır. Hər rayonda hansısa reabilitasiya mərkəzinin böyük avadanlıqla təmin olunmuş bina olması mütləq deyil.
Əsas odur ki, orada mütəxəssislər olsun. Təkcə psixoloqlar yox, sosioloq, vəkil, hüquqşünas, hətta həkim də lazımdır. Onlar həmin insanlara izah etməlidirlər ki, nəyi necə əldə edə bilərlər və ya bilməzlər, hansı hüquqları var və s. Müharibədən qayıtmış insanlarla danışmaq, onları dinləmək lazımdır. Onların ürəkləri doludur”.