"Son günlər Ukrayna ordusunun əks-həmlə əməliyyatları çox uğurla başa çatıb".
Bu barədə politoloq Rusif Məmmədsoy "Sherg.az"a açıqlamasında bildirib.
O qeyd edib ki, Xersonda Rusiya tərəfi artıq növbəti dəfə referendum qərarını ertələmək məcburiyyətində qalıb:
"Təxirəsalma Ukrayna ordusunun xüsusilə Xerson istiqamətində əldə etdiyi nailiyyətlər səbəbindəndir.
Eyni zamanda Xersonun həm Ukrayna, həm də Rusiya üçün olduqca strateji bir məntəqə olduğunu qeyd etmək lazımdır. Nəzərə alsaq ki, Krıma gedən quru yol məhz həmin ərazidən keçir, rəsmi Kiyevin əsas hədəfinin sözügedən vilayətə yönəlməsi təsadüfi deyil.
Volodimir Zelenskinin son açıqlamaları da ukraynanlıların Krıma, Donbassa qayıdacağı ilə bağlı idi. Bu, Zelenskinin Krımla bağlı iddialarından əl çəkmədiyini göstərir. Əslində vaz keçə də bilməz. Bu gün Ukraynada prezidentin kimliyindən asılı olmayaraq, ictimai rəy ancaq qələbəyə kilidlənib. Krım, Donbass və ya digər ərazilərin işğal altında qalması ilə heç kim razılaşmayacaq.
Ona görə də siyasi rəhbərlik bununla hesablaşmaq məcburiyyətindədir. Xerson istiqamətində əldə olunan uğur, azad edilən bir sıra kəndlərdə Ukrayna bayrağının sancılması rus ordusuna psixoloji təzyiqdir. Həmçinin Rusiyanın siyasi elitasında müəyyən çaxnaşma yaradacaq amillərdən biridir. Vladimir Putinin Sergey Şoyqu ilə də bağlı müəyyən narahatlığı var.
Aldığımız məlumatlara görə, S.Şoyqu hətta komandanlıqdan uzaqlaşdırılıb və orduya şəxsən V.Putin özü nəzarət edir.
Amma reallıq ondan ibarətdir ki, bu gün keçmiş sovet silahları heç də qərbin müasir silah-sursatı ilə rəqabət apara bilməz. Hava üstünlüyü Rusiya tərəfində ola bilər.
Amma istənilən halda rəsmi Kiyev günbəgün yaxşı nəticələr qazanır. Ümid edirik ki, bu savaşdan da qalib ölkə kimi məhz Ukrayna çıxacaq. Çünki onlar sadəcə ukraynalılar deyil, keçmiş postsovet ölkələri, Qarabağ, eyni zamanda bütün dünya üçün döyüşür desək, yanılmarıq.
Bununla yanaşı iqtisadi zəmində baş verən aksiyalar, Çexiyadakı mitinq, Almaniyadakı lokal etiraz nümayişi Ukraynanın öz amalından geri dönəcəyi anlamına gəlmir.
Bunlar sadəcə təfərrüatdır. Hətta keçirilən aksiyalar elə bir detaldır ki, ənənəvi qərb cəmiyyətlərini təzahür etdirir. Yəni ciddi pessimizmə qapılmağa da ehtiyac yoxdur.
Artıq Ukrayna tərəfinin əsgər heyətinin sayı bir milyona yaxınlaşır. Bu, çox ciddi rəqəmdir. Onların peşəkarlığının yüksəlişinin göstəricidir.
Qərb ölkələrindən Böyük Britaniya bu məslələrdə olduqca aktiv idi. Nəticə etibarilə Ukraynanın qalibiyyəti əslində Putin hakimiyyətinin sonudur. Ona görə də bu qələbə heç də ucuz başa gəlməcəyək. Dünyanı daha ağır və çətin proseslər gözləyir".