"İstər 44 günlük müharibə zamanı, istərsə də, savaşdan sonra Azərbaycanla Ermənistan arasında baş verən lokal hərbi qarşıdurmalar zamanı cəmiyyətimizin diqqət etdiyi, maraqla izlədiyi məsələlərdən biri hansı dövlətlərin, böyük güclərin, beynəlxalq təşkilatların hadisələrə verəcəkləri reaksiyalardır".
Bu sözləri "Sherg.az"a "Türküstan" Media Qrupunun baş redaktoru Aqil Camal deyib. Onun sözlərinə görə, Ermənistanın təxribatı nəticəsində keçirilən hərbi əməliyyatlara dünyanın münasibəti maraqlı idi:
"Məsələn, İran dövləti aşkar şəkildə bir daha ermənipərəst mövqe sərgilədi. Rəsmi İSNA Agentliyi Azərbaycanın Ermənistan ərazisinə hücum etdiyi xəbərini yaydı. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə heç bir gərək olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini dilə gətirdi. Həmçinin bildirdi ki, bu, İranın “qırmızı xətti”dir”. Yəni Zəngəzur dəhlizinin açılmasına qarşı münasibətini bir daha bəyan etdi.
ABŞ tərəfdən verilən rəsmi məlumatlarda da, xüsusilə, guya, Azərbaycanın Ermənistan ərazisində mülki obyektləri hədəf seçməsi ilə bağlı ermənipərəst elementlər mövcud idi.
Ölkəmiz hər dəfə olduğu kimi, bu təxribat zamanı da yenə ən böyük, birmənalı və qətiyyətli dəstəyi qardaş Türkiyədən gördü.
İstər Xarici İşlər naziri Mövlud Çavuşoğlu, istərsə də Milli Müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarlarına zəng edərək, vəziyyəti müzakirə etdilər. Türkiyə dövlətinin Azərbaycana əbədi dəstəyini bir daha təkrarladılar. Əlbəttə, zənglər, bəyanatlar növbətçi mövqe və media üçün deyil.
Bu rəsmi açıqlamalar Türkiyə dövlətinin bölgədəki başqa maraqlı qüvvələrə xəbərdarlığı və xatırlatmasıdır. Eyni zamanda qardaş ölkənin Azərbaycandakı səfiri Cahit Bağcı təmsil etdiyi dövlətin mövqeyini bir daha dilə gətirdi”.