Elçin Bayramlı: "5 milyonluq Abşeron yarımadasının bütün kanalizasiya suları, sənaye axıntıları demək olar ki, təmizlənmədən dənizə axıdılır"
Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin mütəxəssisi Ramin Atakişiyev Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları ilə birgə Abşeron yarımadasının sahil zolağının bəzi sahələrində (Sumqayıt şəhərinin Corat qəsəbəsi, Bakının Kürdəxanı, Mərdəkan və Hövsan qəsəbələri) dron aparatının köməyi ilə tədqiqat işi aparıb.
İnstitutdan “ Şərq”ə verilən xəbərə görə, tədqiqatın məqsədi əvvəlcədən seçilmiş ərazilərdə kənar müdaxilələr nəticəsində Xəzər dənizinin sahilə yaxın sahələrində müxtəlif rəng çalarlarının yaranma səbəblərinin öyrənilməsi və qeyd olunan sahələrdə çirklənmə vəziyyətinin qiymətləndirilməsidir. Monitorinq keçirilən ərazidə vizual müşahidələr zamanı dəniz səthinin sahildən təqribən 150 metr aralı məsafəyədək 3 rəng çalarlarında qəhvəyi, sarımtıl və mavi rənglərdə olması qeydə alınıb ki, bu da ilkin baxışda dənizin müxtəlif mənbələrdən çirklənməsi deməkdir.
Müşahidələr aparılan zaman sahildən 10-50 metr aralığında olan qəhvəyi rəngin olması həmin ərazidə yosunların mövcudluğunu, sahildən 50-70 metr aralığında sarımtıl rəng həmin sahədə dərinliyin 20-30 sm aralığında dəyişməsi nəticəsində dənizin dibində qumsallığın görünməsini, mavi rəng isə açıq dənizdə suyun şəffaf olmasını deməyə əsas verir.
Sahil zolağından müəyyən məsafə aralıda götürülmüş dəniz suyu nümunəsi üzərində aparılmış kimyəvi və mikrobioloji təhlillərin nəticəsinə görə suyun çirklilik dərəcəsi, xəstəlik törədən bakteriyaların normadan artıq miqdarı da təyin edilib.
Qeyd edək ki, hər il çimərlik mövsümü başlayandan dəniz suyunun bakterioloji çirklənməyə məruz qalması ciddi müzakirə mövzusuna çevrilir. Paytaxtın bir neçə çimərlik mərkəzində çirklənmənin normadan artıq olduğu bəyan edilsə də, həmin ünvanlara üz tutanlara yenə də rast gəlinir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıqlarına bir çoxları hələ də əməl etmirlər.
Ekspertlərə görə, isti havada bakteriyalar daha sürətlə yayılır və inkişaf edir. Professor Adil Qeybullanın sözlərinə görə, çimərlik mövsümündə dəniz suyunun laboratoji analizləri mütəmadi aparılmalıdır:
"Bakteriyalar müəyyən temperaturdan sonra aktiv həyat tərzi keçirirlər. Söhbət həm su, həm də qurudakı bakteriyalardan gedir. 18 dərəcə temperaturdan yuxarı şəraitdə bakteriyalar arta bilirlər. Xəzər dənizi göldür və heç bir okeana çıxışı yoxdur. Xəzərdə suyun hərəkəti zəif olduğundan bakteriyalar asanlıqla orada arta bilirlər. Məsələn, axar çaylarda, kanallarda bakteriya az miqdarda olur. Bu mənada Xəzərdə bakterioloji çirklənmənin yüksək həddə olması təbiidir".
A.Qeybulla həmçinin bildirib ki, çimərliklərdə bakteriyanın artmasının digər səbəbi ərazidəki antisanitar vəziyyətdir: "Təmizliyə riayət olunmayan yerlərdə bakteriyaların sürətlə artma ehtimalı böyükdür. Yemiş, qarpız, qarğıdalı və başqa qida məhsullarını yeyib, qabığını dənizin kənarına və ya dənizə tullayanda, ərazi mütəmadi olaraq zibillərdən təmizlənməyəndə çirklənmə də qaçılmaz olur. Mən hələ çimərliklərdəki insan sıxlığının yaratdığı antisanitar vəziyyəti demirəm. Sahəsi kiçik olan çimərliklərdə yüzlərlə insanın suya birdən baş vurması əlbəttə ki, orada arzuolunmaz sanitar durum yaradacaq. İnsan bədənində olan və daxildən ifraz edilən tullantılar potensial bakteriyalardır. Fikir vermisinizsə, Xəzər dənizi bütün çirkabları məhz sahilə gətirir. Dənizin ortasının ekoloiji vəziyyətilə kənarların ekoloji vəziyyəti heç də eyni deyil. Kənarlara getdikcə bağırsaq çöpləri yaradan bakteriyaların sayı da artır. Bu, Xəzərin spesifik xüsusiyyətlərindədir. Fikir vermisinizsə, Bakı buxtasında neftli çirkab sular illərdir tərpənməz olaraq qalır. Hətta güclü küləklər, dalğalar onların yerini dəyişmir. Beləliklə, Xəzərin bir hissəsindəki çirkab uzun illər tərpənməz olur və digər hissəyə axmır. Su uzun müddət bir yerdə qalanda ağırlaşır, tərkibində bakteriyalar artır".
A.Qeybulla Xəzər dənizinin təmizlənməsini vacib sayır: "Xəzərin ekoloji müdafiəsilə bağlı dövlət səviyyəsində proqram hazırlanmalıdır. Bakı buxtası neftdən təmizlənməlidir, çimərliklərdəki suların bakteriyaları məhv edilməlidir. Bunun üçün hər cür imkanlar var. Tibbi nailiyyətlər imkan verir ki, dəniz sularındakı mikrobları, bakteriyaları məhv edəsən. Su təmizləyici avadınlıqlar alınıb ölkəyə gətirilməlidir və çimərliklərə atılmalıdır. Həmçinin çimərlik ərazilərin ətrafı nazik məftil torlarla hasarlanmalıdır ki, heyvan cəsədləri sahilə yaxınlaşıb, orada bakteriyalar üçün münbit şərait yaratmasınlar".
“Ekoloq jurnalistlər” İctimai Birliyinin sədr müavini Elçin Bayramlı da Xəzər dənizinin həddən artıq çirkləndirildiyini deyib: "Bu da əsasən Volqa çayı və Bakı-Abşerondan qaynaqlanır. Xəzər artıq beynəlxalq qapalı kanalizasiya hövzəsinə dönüb, dənizin flora və faunası yoxa çıxmaq üzrədir. Bu prosesin qarşısı alınmalıdır. Rusiyada bu istiqamətdə ciddi tədbirlər görülür. Bizdə isə vəziyyət getdikcə pisləşir. 5 milyonluq Abşeron yarımadasının bütün kanalizasiya suları, sənaye axıntıları demək olar ki, təmizlənmədən dənizə axıdılır. Artıq dənizdən tutulan balıqların da içalatı qapqara zir-zibil çıxır. Xəzər suyunda aparılan monitorinqlər də göstərir ki, dəniz suyunda çox sayda mikroblar, ağır metallar və sair kimyəvi zəhərli tullantılar var. "Azərsu"nun hay-küylü reklamına baxmayaraq onların quraşdırdığı qurğular, bunun qarşısını ala bilmir və lazım olan saydan xeyli azdır. Əksər qurğular ya artıq istismara yararsızdır, ya da filtrləri çox gec-gec dəyişdirilir, bəzi yerlərdə isə heç qurğu da yoxdur”.
Əvvəllər Ekoloq Jurnalistlər Birliyinin layihəsi əsasında monitorinq keçirdiklərini vurğulayan E.Bayramlı qeyd edib ki, monitorinq çərçivəsində Xəzərin Abşeron sahillərində reydlər ediblər, kanalizasiya xətlərinin dənizə birləşən yerlərindəki biabırçı vəziyyəti qeydə alıblar: "Hətta bu nöqtələrin birinin yaxınlığında böyük ehtimalla həmin zəhərli sulardan ölmüş suiti cəsədi də aşkar etdik. Bu, Xəzərin Abşeron sahillərindəki suitilərinin bəlkə də sonuncusu idi. O vaxtdan bəri artıq dəniz sahilində suitiyə rast gəlmirlər. Tanış balıqçılar deyir ki, artıq dənizdə balıq tapmaq da çox çətindir. Bir tərəfdən də neft sənayesinin çirkləndirməsi var. Yəni dənizimiz məhv olub gedir. Xəzərin okeana çıxışı olmadığından qapalı kanalizasiya hövzəsinə çevrilir. Dənizə tökülən xətlərlə bağlı jurnalistlərin iştirakı ilə şəffaf monitorinqlər aparılmalı, təmizləyici qurğular yenilənməli və olmayan yerlərdə quraşdırılmalıdır. Xüsusilə, "Azərsu" bu istiqamətdə dövlət büdcəsindən və sair mənbələrdən ayrılmış vəsaitlərin necə xərcləndiyi ilə bağlı açıq və ətraflı hesabat verməlidir".