Azərbaycan Ordusu hazır vəziyyətdədir!- “Sona qədər davam...”

"Azərbaycan Ordusu verilən tapşırığı ən yüksək səviyyədə yerinə yetirib. Əsgər və zabitlər çətin şərait altında qarşı tərəfin cəzasını verib. Azərbaycan Ordusunun önündə keçilməz sədd yoxdur. Gecə şəraitində 3min metr dağlıq ərazidə aviasiya cəlb olunmadan hərbi əməliyyatın aparılması kimi hərbi imkanlar heç əksər NATO ölkəsində yoxdur".

Bu fikirləri "Sherg.az"a açıqlamasında hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov deyib.

Ü. Cəfərovun dediklərinə görə, Ermənistanın itkilərinin sayı 300-dən çoxdur:

"Azərbaycan Ordusu əziz şəhidlərinin qisasını aldı. Ermənistanın reallıqla barışacağını düşünməməliyik. Hələki humanitar xarakterli əməliyyatlar həyata keçirilir. Meyitlərin dəyişdirilməsi, əsirlərin mübadiləsi ilə bağlı danışıqlar aparılır. Azacıq sakitlik hökm sürür. Böyük “oyunçular” məsələnin dərinləşməsi üçün əllərindən gələni edirlər. Söhbət Fransa, Rusiya, ABŞ-dan gedir.
 Rusiya prezidenti Vladimir Putinin xarici ölkə səfirlərinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlərə nəzər saldım. V.Putin deyir ki, tərəflər üçtərəfli razılaşmanın (bax. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 Noyabr bəyanatı) müddəalarına əməl etməlidir. Azərbaycan tərəfi üzərinə düşəni yerinə yetirir. Öhdəlikləri yerinə yetirməyən Rusiya və Ermənistandır. Rusiya qeyri-qanuni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmayıb. Yaşanan gərginliyin birinci səbəbi budur. 

Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşırdısa, hansı cürətlə Azərbaycan ərazilərinə soxularaq əsgər və zabitlərimizə qarşı vəhşilik həyata keçiriblər?! Ermənistan heç bir halda özbaşına sənəd imzalamaq istəmir, Avropa Şurası ilə oyun oynayır. Rusiyanın moderatorluğu ilə formalaşan mövqeləri də doğru deyil. Azərbaycan Ordusu hazırlıqlı vəziyyətdədir, biz haqq yolundayıq. Sona qədər hərəkətimizi davam etdirəcəyik".

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79 nəfərdir.