"Azərbaycan Ermənistanın kənardan maliyyələşən qüvvələrin dəstəyilə həyata keçirdikləri təxribatlara, şıltaqlıqlara dözmək niyyətində deyil"
"Ermənistan təxribatlardan əl çəkməzsə, Azərbaycan Silahlı Qüvvələrinin daha sərt reaksiyası ilə qarşılaşacaq. Düşmən tərəfin ağır itkiləri ilə nəticələnəcək. Azərbaycan heç bir halda məğlub tərəf olan Ermənistanın kənardan maliyyələşən qüvvələrin dəstəyilə həyata keçirdikləri təxribatlara, şıltaqlıqlara dözmək niyyətində deyil".
Bu sözləri "Sherg.az"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Ermənistan mövcudluğunu şübhə altına salmaq niyyətindədirsə, təxribatlara davam edə bilər:
"Provokasiyaların yekunlaşması mürəkkəb məsələdir. Ermənistanda hələ də revanşist qüvvələr var. Həmin qüvvələrə Azərbaycana qarşı fəaliyyət göstərmək üçün dəstək verən böyük dövlətlər mövcuddur. Revanşistlərin hakimiyyətə gəlməsindən ötrü təxribatların törədilməsi, eləcə də, erməni müxalifətinin maraqlarına uyğundur. Sülh müqaviləsi imzalansa belə, provokasiyaların kiçik miqyasda baş verməsini heç kim istisna edə bilməz. 30 ildəki təcrübə bunu iddia etməyə əsas verir".
Qeyd edək ki, Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib. Üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.
Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib. İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.