İrandakı etirazlar rejim dəyişikliyi ilə nəticələnə bilərmi? - RƏY


 İranda bundan öncə də belə aksiyalar yaşanıb. Hətta daha şiddətli toqquşmalar baş verib. Aksiyalar isə son beş ilin ən böyük etirazlarından sayılır. Əslində motiv hicab olsa da, insanların həm sosial, həm hüquqsuzluqla bağlı etirazıdır. Çünki İran rejimi əhali üzərində dini qaydaları güc yolu ilə tətbiq etsə də, Ayətullahlar da daxil yüksək hakimiyyət nümayəndələrinin övladları, yaxınları həmin qadağalardan asanlıqla yayınır, əyləncələr təşkil edir. Kifayət qədər görüntülər də var. Yəni kütləvi etirazlar üçün kifayət qədər zəmin mövcuddur, lakin  rejim dəyişikliyi ilə nəticələnəcəyi ehtimalı azdır".


Bu fikirləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitikin sözlərinə görə, 2009-cu ildə baş verən “Yaşıl hərəkatı” ən böyük etirazlar idi. O zaman rejim dayaqlarını qoruyub saxlaya bildi:

"İndi də güc yolu ilə etirazların susdurulacağı gözləntisi çoxdur. Əsas diqqətçəkən məqam qadınların etirazıdır. Hakimiyyət maksimum sərt müdaxilədən çəkinir və daha çox proseslərin inkişafını izləyir. Əgər hadisələrin inkişafı rejim üçün təhlükəli məcraya yönələcəksə, o zaman, sərt müdaxilə ediləcək. 

Hələki bu görünmür. Hakimiyyət nümayəndələri öldürülən Məhsa Əmininin ailəsinə başsağlığı verib. Dini liderin nümayəndəsi Əmininin ailəsi ilə görüşüb və  gərginliyi yumşaltmağa çalışır. İndiyə qədərki müşahidələr və hakimiyyətin tutduğu mövqe etirazların rejim dəyişikliyinə gətirib çıxaracağı gözləntisini azaldır".

A.Nərimanlının qənaətincə, hadisələr rejimin devrilməsi təhlükəsi yaradacaqsa, müdaxilə daha sərt və amansız olacaq:

"Digər tərəfdən, iki məqam da etirazların dəyişikliklə nəticələcəyi gözləntisini azaldır. Bunlardan biri lidersizlikdir, aksiyalar koordinasiyalı şəkildə keçirilmir.  İran rejiminə prosesləri izləmək, lazım gələrsə, yönləndirmək imkanı yaranır. Başqa məqam da dini lider Xamneyidir. Xamneyi xəstə olsa da, hələ də yaşayır. 

Onun yaşadığı müddətdə rejimi dəyişmək çətin görünür. Həm rejim buna imkan verməz, həm də dini faktora görə inananların da sayı az deyil.  Etirazlar tədricən səngiyəcək. Sonrakı dövrdə yenə belə etirazlar yaşana bilər, amma rejimin devrilməsi ilə nəticələnəcəyinə ümid bəsləmirəm".
Qeyd edək ki,  sentyabrın 20-də Tehran, Məşhəd, Sari, Təbriz və digər şəhərlərdə keçirilən etiraz aksiyalarında hökumət əleyhinə şüarlar səsləndirilib. Etirazçılar zibil qutularını aşırıb, yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar.

Məşhəd şəhərində keçirilən aksiyada etirazçılar təcili tibbi yardım avtomobilinə hücum edərək onu yandırıblar. Həmçinin mitinqi dağıtmaq üçün gələn polis nəfəri etirazçılar tərəfindən yandırılıb. Son günlər artan etiraz nümayişləri əxlaq polisinin 22 yaşlı iranlı Məhsa Əminini öldürməsi səbəbilə şiddətlənib.