"ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqillik gününü təbrik məktubuna “Dağlıq Qarabağ xalqı” ifadəsi işlədib. Təklif edirəm , Azərbaycan da Texas xalqı ifadəsini işlətsin. Üstəlik Alabama və Nyu-Meksika ştatların da çoxluq təşkil edən afro və latın amerikalıların siyasi və sosial durumu ilə maraqlanmağa başlasın".
Bu fikirləri "Sherg.az"a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Politoloq onu da bildirib ki, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Bağıri regionda sərhədlərin dəyişməyinə göz yummayacaqlarını deyib:
"Regionda 27 ildir sərhədlər dəyişmişdi onda niyə göz yumurdular? Kor və ya bəsirət gözləri indi açılıb?
Amerika və İranı "təbrik edirəm". Azərbaycan hər ikisinin birləşdiyi nöqtədir. Azərbaycan ordusunun uğurlu Zəngəzur - Göyçə hərbi əməliyyatına qarşı daxildə qərbçilərlə, irançıların eyni mövqedə çıxış etməsi müşahidə edildi. Sən demə bunları Xankəndi və Xocalı narahat edir. Rəsmi Bakı, Xankəndi və Xocalını yurisdiksiyasına qaytarandan sonra Azərbaycan ordusu tarixi torpaqlarımız olan Qərbi Azərbaycan da düşməni sülhə təhrik etmək üçün yeni cavab əməliyyatları keçirəndə yenə qərbçilərlə, irançılar başqa bəhanələrlə dövlətlərinə qarşı çıxacaqlar. Çünki onların başqa dövlətləri var".
Ə.Məmmədlinin qənaətincə, 44 günlük müharibə xalqın gözünü açdı:
"Kimin əsl dost, kimin isə münafiq düşmən olduğunu bizə göstərdi. Əbəs yerə deməyiblər dost çətin gündə bilinər. 44 günlük müharibə və ondan sonrakı hadisələr Azərbaycanın bir dövlət, xalq olaraq gələcəyini, müqəddaratını həll edən anlar idi. O anlarda kimin kim, kimin yanımızda, kimin qarşımızda olduğunu gördük. 44 günlük müharibə və ondan sonra kı, hadisələr Azərbaycan xalqına göstərdi ki, təkcə Rusiya deyil, həm də, ABŞ-la, İran da düşmənimiz Ermənistanın dostudur”.
Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda “Dağlıq Qarabağ xalqı” qeydi diqqət çəkir.
Bayden deyir: “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik”. Bu qondarma təqdimat ABŞ rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən addımların biri kimi qiymətləndirilir.