Vahid informasiya sistemi yaradılacaq



Dövlət qurumlarının beynəlxalq təşkilatlardan əldə etdikləri maliyyə vəsaitləri şəffaflaşdırılacaq

  Qrantların alınması daha da şəffaflaşdırılır. Məsələ Parlamentin plenar iclasına tövsiyə edilən “Qrant haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 
  Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun Azərbaycan Respublikasının və ya həmin orqanın adından aldığı qrantların reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurumun təyin etdiyi qaydada aparılacaq.

  Qanun layihəsində təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılmasını təmin etmək olduğu qeyd olunub.
  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov “Şərq”ə açıqlamasında deyib ki, burada söhbət hökumət tərəfindən  qeyri-hökumət təşkilatlarına ayrılan qrantlardan getmir: "Dəyişiklik dövlət orqanlarına, müəssisə və təşkilatlarına beynəlxalq maliyyə (iqtisadi) təşkilatları, beynəlxalq donorlar, o cümlədən Avropa İttifaqı (Aİ) və digər beynəlxalq təşkilatlar tərəfindən ayrılan qrantlarla bağlıdır. 
  Bu qrantların uçotu isə müvafiq qaydada Ədliyyə Nazirliyi yanında Əhalinin Reyestr Xidməti tərəfindən aparılır. Çünki istənilən təşkilat qrant layihəsinin icrası üçün Ədliyyə Nazirliyindən bildiriş almalıdır. Ümumiyyətlə, ölkədə həyata keçirilən bütün qrant layihələri haqqında informasiyalar sözügedən Reyestr xidməti tərəfindən  toplanır. 
Azərbaycan hökuməti adından beynəlxalq təşkilatlardan qrant alan müvafiq dövlət qurumlarının həyata keçirdiyi layihələrlə bağlı qeydiyyat və hesabatlılıq öhdəliyi ciddi əhəmiyyət kəsb etmirdi. O layihələrlə bağlı detallar vahid informasiya sistemində yer almırdı. Milli Məclisə təklif edilən dəyişikliklər qəbul olunsa, dövlət qurumlarının beynəlxalq təşkilatlardan əldə etdikləri maliyyə vəsaitləri haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi olacaq. Öhdəliyin İqtisadiyyat, yoxsa Ədliyyə Nazirliyinə verilməsi də hələlik sual altındadır. Dəyişikliklər hələ ki təklif formasındadır. Aidiyyəti strukturlar hansı qərarı verəcək, bəlli deyil”.