Rəşad Baxşəliyev: “Allah bu gördüklərimi yazım deyə, mənim şəhadətə qovuşmağıma icazə vermədi”
Aqşin Kərimov: “Mən cəbhəyə hazırlaşırdım, ailəmi də buna hazırlayırdım”
Daşqın Əzizov: “Döyüş yoldaşlarım məni jurnalist kimi çağırırdılar. Hətta mən orada bir neçə əsgərdən müsahibə də almışdım”
İki il öncə, 44 günlük Vətən müharibəsinin başladığı ilk günlərdən sonuna qədər cəbhədə əsgər və zabitlərimizlə çiyin-çiyinə döyüşən jurnalistlər də vardı.
Onlar cəbhə bölgəsinə jurnalist kimi qələminin və sözünün gücüylə deyil, əsgər kimi savaşmağa getmişdilər.
"Sherg.az" olaraq, 27 Sentyabr Anım günü ilə əlaqədar qismən səfərbərlikdə cəbhə xəttinə göndərilən həmkarlarımızla əlaqə saxlayıb savaş xatirələrini öyrəndik.
"Azərbaycan" qəzetinin əməkdaşı, ehtiyatda olan baş leytenant Rəşad Baxşəliyev Vətən müharibəsində Azərbaycan əsgərlərinin, zabitlərinin əzmkarlığının canlı şahidi olduğunu deyib: “Dövlət Himnimizdə də deyildiyi kimi, “Hərə bir qəhrəman oldu”. Orada döyüş tapşırığını yerinə yetirərkən taborumuzdan 25 nəfər şəhidlik zirvəsinə ucaldı. Onlar Vətən sevdalıları idilər. Fikrimcə, Allah bu gördüklərimi yazım deyə, mənim şəhadətə qovuşmağıma icazə vermədi.
Bu gün Azərbaycan Ordusu həqiqətən də dünyanın ən qüdrətli orduları sırasındadır. Bizim hərbçilərimizin əzmkarlığı, qətiyyəti, Vətən sevgisi çox yüksəkdir. Bunu jurnalist kimi yox, zabit kimi deyirəm. Həqiqətən Ali Baş Komandan İlham Əliyev olduqca müasir, güclü ordu yaradıb. Ölümün gözünə dik baxaraq savaşan hərbçilərimiz qürur mənbəyimizdir”.
Müharibə başlayan kimi döyüşə könüllü yollandığını xatırladan həmkarımız deyib ki, onlara Qubadlının bəzi yüksəkliklərində qalan düşmən qüvvələrinin təmizlənməsi və rayonun müdafiəsi tapşırığı verilmişdi. Çünki düşmən Qafan istiqamətində qüvvə toplayaraq yenidən Qubadlını ələ keçirmək istəyirdi. Əgər bu baş versəydi, Laçın dəhlizinə doğru irəliləyən xüsusi təyinatlı qüvvələr və digər hərbi birləşmələrimiz mühasirəyə düşər, əməliyyatlar pozula bilərdi. Bizim tapşırığımız Gorus-Qafan yolu istiqamətindən düşmənin gözlənilən hücumunun qarşısını almaq idi. Noyabrın 8-dək mövqelərimizi qoruduq. Hərbi hissəmiz üzərinə düşən tapşırığı layiqincə yerinə yetirdi".
"Oxu.az" saytının əməkdaşı Aqşin Kərimov isə deyib ki, 2020-ci ilin iyul ayında Tovuz döyüşləri başlayandan sonra müharibənin qoxusu gəlirdi. Uşaqlıqdan müharibə səhnələri həmişə gözümdə canlanıb: “Bibim oğlu Qamət Abbasov Birinci Qarabağ müharibəsində şəhid olanda, mənim 4 yaşım var idi.
Sonrakı illərdə şəhidimizin anım günlərinə gedəndə mənim yaddaşımda müharibəyə dair təsəvvürlər formalaşırdı, böyüklər yanımda danışanda diqqətlə qulaq asmağım, müharibə filmlərinə olan maraq mənim içimdə hərbiyə sevgi formalaşdırırdı. Hərbi xidmətə gedib-gəldikdən sonra, həmişə inanırdım ki, Azərbaycan gün gələcək öz torpaqlarını işğaldan azad edəcək, bunu hər zəmində deyirdim. Dost-tanışın mənə ünvanladığı “müharibə olsa, gedərsənmi” sualına birmənalı “hə” cavabı verirdim. Hərənin bir əqidəsi var, bu müharibə haqq savaşımız idi və mənim əqidəmə tam uyğun idi. 2020-ci ildə sentyabrın əvvəllərindən etibarən müharibə ritorikası qızışırdı və artıq döyüşlərin qaçılmaz olacağı gün kimi aydın idi. Hazırlaşırdım, tarixi missiyanın mənim də üzərimə məsuliyyət qoyacağını dərk edirdim. Artıq əqidəmi müharibədə praktiki olaraq göstərmək üçün zəmin yaranırdı və mən cəbhəyə hazırlaşırdım.
Ailəmi də buna hazırlayırdım, deyirdim ki, döyüşlər başlasa, mən gedəcəyəm. Nəhayət, zaman yetişdi, sentyabrın 28-də səfərbərlik elan olundu və axşam mənə çağırış vərəqəsi gəldi. Səfərbərlik Xidmətinin yerli şöbəsinə getdim və bizi avtobuslara mindirib xeyir-dua ilə yola saldılar. Yolboyu çox möhtəşəm görünürdü, xalqın dəstəyi, bizə verdiyi hörmət bizi ruhlandırırdı. Böyük bir coşqu bizi müşayiət edirdi, kimin əlinə nə keçdi, bizə verirdi – su, siqaret, qida və sair ola bilərdi”.
44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması üçün döyüşən əsgərlər arasında jurnalistlərdən biri də"Offside Sport Media"nın əməkdaşı Daşqın Əzizovdur. 26 yaşlı jurnalist sentyabrın 29-da sıravi əsgər olaraq ordu sıralarına çağırılıb: “Bir media nümayəndəsi kimi həmişə arzum olub ki, döyüş zamanı operatorluq edim, orada hərbi müxbir kimi iştirak edim. Müharibə vaxtı döyüş yoldaşlarım məni jurnalist kimi çağırırdılar. Hətta mən orada bir neçə əsgərdən müsahibə də almışdım.
Müharibə zamanı biz Füzuli rayonuna yollandıq. Artıq ordumuz oranı düşməndən azad etmişdi. Biz isə sadəcə Füzulidə yerləşib, oranı müdafiə və mühafizə edirdik. Noyabrın 6-sı gecə saatlarında bizim qərargah rəisimiz komanda verdi ki, hər kəs toplansın, gedirik. Elə hərbi maşın karvanımız yola düşəndə o gəldi və dedi ki, əziz yoldaşlar, biz Şuşa istiqamətində hərəkət edəcəyik. Şuşanın adını eşidəndə hər kəsdə böyük bir sevinc, ruh yüksəkliyi yarandı. Çünki bizim əksəriyyətimiz Şuşa işğal olunanda heç dünyaya gəlməmişdik. O yerləri ancaq mavi ekranlarda görmüşdük. Əhval-ruhiyyəmiz yüksək olsa da, çox təhlükəli şəraitdə hərəkət edirdik. Biz zəfər yolu ilə irəliləyirdik. Daşaltı kəndinin kandarı ilə silsilə yüksəklikləri birnəfəsə qalxdıq. Təlimlərdə yorulanda istirahət edə bilirsən. Çünki qarşında düşmən olmur. Ancaq orada yorulanda heç kim oturmurdu, dincəlmirdi".