Qazi Ülvi Qədir:“Ordumuz onun qarşısında heç bir sədd, beton konstruksiya və maneənin dayana bilməyəcəyini göstərdi”
Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı əks-hücum əməliyyatlarından iki il ötür. Vətən müharibəsi 30 illik həsrətə son qoydu. İllərlə yaşanılan ağrı-acılar 44 günə sevincə çevrildi. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyənat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Ordumuz ön cəbhədə yağı düşmənlə, eləcə də hər bir azərbaycanlı vətəndaş arxa cəbhədə informasiya müharibəsi apardı. Təbii ki, qələbənin əsl qəhrəmanları şəhidlər, qazilər, vətən müharibəsi iştirakçılarıdır.
"Sherg.az" olaraq II Qarabağ müharibəsi qazisi, 2-ci qrup əlil Ülvi Qədirlə həmsöhbət olduq.
Murov dağının ən yüksək zirvəsində Kəlbəcər istiqamətində döyüş mövqeyinə təyinatla göndərilən Ülvi Qədir, 44 günlük müharibə ilə bağlı xatirələrini bizimlə bölüşdü:
"27 sentyabrdan etibarən Ordumuz qarış-qarış irəlilədi. Lakin müharibənin ilk qığılcımları 20 sentyabrdan başlamışdı. Əvvəlcə ehtiyatda olan hərbçilərimiz təlim mərkəzlərinə göndərildi. Düşmən tərəfi təxribata əl atdı. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin əks hücum əmri ilə Ordumuz Füzuli rayonu ərazisindən hərəkətə keçdi. Füzulinin Qaraxanbəyli kəndi azad edildi. Xalqımız xəbəri tam fərqli aura ilə qarşıladı.
30 il zaman kəsiyində düşmən təxribatı səngimirdi. Artıq hər dəfə mediada səsləndirilən "Ermənistan tərəfi atəşkəsi pozub" sözləri hər kəs üçün sıradan xəbər idi. Sentyabrın 27-si isə hər şey dəyişdi.
Fəxrlə, qürurla deyə bilirəm ki, torpaqlarımız düşmən tapdağından azad edildi. Müharibə günlərini dünən kimi xatırlayıram. O hisslər, o duyğular, o arzular...".
Vətən müharibəsi iştirakçısı bildirib ki, 5 ilə yaxın Kəlbəcər istiqamətində Murov dağının yüksək zirvəsində şəhid, Milli Qəhrəman, səngər generalı Polad Həşimovla çiyin-çiyinə xidmət edib:
"Medallarımız, təltiflərimiz barədə suallar verirlər. Mənim üçün ən üstün titul Polad Həşimovla birgə xidmətdə olmaqdır. Çox böyük, qürur, fəxr, iftixardır. Gənclərlə görüşlərimdə həmişə onun haqda düşüncələrimi bölüşürəm".
Ülvi Qədirin dediklərinə görə, Azərbaycan əsgəri 3-4 saat ərzində mif "Ohanyan səddi”ni aşmağı bacarıb:
"Düşmən öz xalqına elə bir nağıl uydurmuşdu ki, Azərbaycan əsgərinin bir gün əzəli torpağına ayaq basacağını gözləmirdi. Onlar cəbhəboyu ərazilərimizə beton sədlər çəkmişdilər. İllərdir, ermənilər bu yerlərdə möhkəmlənmişdilər. Özləri üçün mif yaratmışdılar. Guya keçilməz Ohanyan səddi qurmuşdular. Azərbaycan əsgəri onun qarşısında heç bir sədd, beton konstruksiya və maneənin dayana bilməyəcəyini göstərdi. Şəhidlərimiz, qazilərimiz, yaralılarımız oldu. Müharibə varsa, qan tökülməsi mütləqdir.
Müharibə dönəmində azərbaycanlıların hər bir Vətən sevgisini real, maddi varlıq kimi dərk etdilər. 44 günlük müharibə vaxtında üç istiqamətdə döyüş gedirdi. Birincisi, Ermənistan. İkincisi, COVİD-19 pandemiyası. Üçüncüsü, informasiya müharibəsi idi".
Qarabağ qazisi deyir ki, vətənpərvər insanlar ölkəmizin haqq səsini dünyaya çatdırırdı:
"Atalarımızın, babalarımızın müharibə haqda danışdıqlarını eşidirdik və ya hansısa qəzetdən, jurnaldan erməni vəhşiliklərini oxuyurduq. Televiziyadan izləyirdik. Deyirdilər 1990-92-ci ildə düşmən Azərbaycan torpağını işğal edib, faciə törədib.
Erməni lobbiləri isə xaricdə yalan məlumatlar yayırdılar. Guya, Azərbaycan öz vətəndaşını öldürür, yaxud erməniləri qırır. Dünya da rahat şəkildə qəbul edirdi. Azərbaycanın dünyaya informasiya çıxışı məhdud idi. Ermənilər də yararlanırdı. Ali Baş Komandan başda olmaqla, internetə məhdudiyyət qoyulmasına rəğmən hər bir vətəndaş arxa cəbhədə informasiya müharibəsi apardı. Biz də sonradan xəbər tutmuşduq. Prezidentimiz müxalif, qeyri-müxalif olmağına baxmayaraq, 33 xarici telekanala mühasibə verib. Qardaş Türkiyənin də dəstəyini unutmamalıyıq.
1915-1918-ci illərdə düşmənlərin xalqımıza qarşı törətdiyi müsibətlər vaxtı türk qardaşlarımızın dəstəyini necə xatırlayırıqsa, 50-100 il sonra 44 günlük savaşda da Türkiyəni elə yad edəcəyik. Azərbaycan xalqı yaxşılığı, dəstəyi unutmur. 30 il biz gözlədik. Tabeliyimdə olan hərbçilər deyirdilər ki, "əmr verin düşmən üzərinə şığıyaq". Döyüş əmrini rəhbərlik verir. Həm siyasi arenada, həm arxa cəbhədə, həm də öz torpaqlarımızda döyüşdük".
Ülvi Qədirin qənaətincə, müharibə bitib, amma mübarizəmiz davam edir:
" 2016-cı ildə aprel döyüşləri baş vermişdi. Şəhidlərimizin anım mərasimlərində iştirak edirdik. Şəhid valideyninin bir istəyi var idi. Onlar övladının qanı axdığı torpağın düşmən tapdağından azad olunmasını istəyirdi. Bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır, azan səslənir!
İnsanlar müharibənin olacağını düşünmürdülər. Azərbaycan əsgərinin Kəlbəcərdə, Qubadlıda xidmət aparacaq düşünmürdülər. Xalqımıza daim əmin amanlıq sülh versin. Qanlı müharibənin təkrarlanmasını heç kim istəmir. Vətənimizin bütöv olmasını istəyiriksə, qüdrətimizi göstərməliyik. Ordumuz ən müasir texniki avadanlıqlarla təchiz olunub.
Düşmən yenə də təxribatlara əl atır. Allah şəhidlərimizin ruhunu şad etsin. Torpaq varsa, qorumaqlazımdır. Vətən oğulları da həmişə onun keşiyindədir. Hər bir azərbaycanlının azad, firəvan rahat yaşaması şəhidlərimiz, qazilərimiz və vətən keşiyində dayanan oğullar sayəsindədir!".