Ermənistan hücuma hazırlaşır

Düşmən Zəngəzur istiqamətində hərbi texnika toplayır

Asif Nərimanlı: “Təxribatın hədəfi yeni danışıqlar formatının qurulmasıdır” 



  Sentyabrın 29-u İrəvanın Azərbaycanla aktiv müharibəyə hazırlaşması ilə bağlı Ermənistandan bir neçə siqnal daxil olub. “Caliber”in “YouTube” layihəsi bununla bağlı süjet hazırlayıb. 
Süjetdə bildirilir ki, siqnallar o qədər aydındır ki, bu istiqamətdə “addımlayan” hökumətin səmimi niyyətlərinə şübhə etməyə gərək qalmır.

  Bu siqnallar arasında Hindistandan 240 milyon ABŞ dollarından çox dəyərdə silah alınması, Ermənistanın növbəti ildə hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artırılması barədə məlumatlar, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryanın ölkəsinin bütün dövlətlərdən silah almaq istəyi ilə bağlı açıqlaması, bu dövlətlər sırasında Hindistanı xüsusi olaraq vurğulaması və noyabrın 22-dək davam edəcək ehtiyatda olan hərbçilərin toplanması haqqında məlumatlar da var.
Müəllif onu da xatırladır ki, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi son günlər Azərbaycanla şərti sərhəddə silahlı təxribatları gücləndirib.

  Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Zəngəzur istiqamətində hərbi texnika toplaması ilə bağlı foto və videolar yayılıb. Bu cür foto və videolar sosial şəbəkələrin Ermənistan seqmentində geniş yayılıb.

Politoloq Asif Nərimanlının “Şərq”ə açıqlamasına görə,  Ermənistanın son bir ildə atdığı rəsmi addımlar açıq-aşkar revanş istəyinin prioritet olduğunu göstərir: 

“Ermənistan Azərbaycan Ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır. Mövqelərin dəyişməsi ilə barışmaq istəməyən rəsmi İrəvana Qərb qüvvələrinin dəstək verməsi onu daha da həvəsləndirir. 

  Hindistanla imzalanan müqavilə əsasında Ermənistanın  245 milyon dollarlıq hərbi silah-sursat alması isə onların hərbi arsenalını o qədər də gücləndirmiş hesab olunmur. Burada əsas hədəf Hindistanın Cənubi Qafqaza daxil olması və bölgədə aktiv iştirakçılardan birinə çevrilməsidir. 

Hindistan Ermənistan üzərindən Pakistan-Türkiyə-Azərbaycan xəttinə qarşı müəyyən cəhdlər edir. Çünki Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı Kəşmir məsələsində İslamabadın mövqeyinin güclənməsi baxımından Hindistanı ciddi narahat edir. Eyni zamanda Avrasiyanın nəqliyyat şəbəkəsində əsas oyunçulardan birinə çevrilmək də Hindistanın maraqları çərçivəsindədir. Orta Dəhliz üzərində əhəmiyyətli layihə olan Zəngəzur dəhlizinə qarşı Ermənistanla birlikdə hərəkət etmək Dehlinin maraqlarına uyğundur. Rəsmi Dehli İranın Cabahar limanını əsas marşrut olaraq qəbul edilməsinə çalışır və bununla Pakistan, eləcə də Çin qarşısında əlini gücləndirmək istəyir.

Yəni Hindistan daha çox İran xətti üzərindən  Ermənistana, oradan isə Gürcüstan vasitəsilə Qara dənizə çıxış xəttini dəstəkləyir”. 

Politoloqun sözlərinə görə, Hindistan Ermənistanı silahlandırmaqla həm Azərbaycana qarşı müqavimətini gücləndirməyə, həm də bölgədə iştirak imkanlarına nail olmağa çalışır: “Burada Qərb-Ermənistan-İran-Hindistan xəttinin maraqlarının uzlaşması, xüsusilə Zəngəzur dəhlizi məsələsində eyni mövqedə olmaları da diqqət çəkir. Və o ehtimalı da ön plana çıxarır ki, Hindistanın Ermənistanı silahlandırması prosesinin pərdəarxası iştirakçıları arasında Qərb ölkələri də var.

Ermənistanın Azərbaycan Ordusuna qarşı təxribata hazırlaşması barədə yayılan məlumatları real hesab edirəm. Əslində bu açıqlamaların məqsədlərindən biri  daxili ictimai rəyi sakitləşdirməkdir, amma hücum edəcəkləri şübhəsizdir. Və bunu gizlətmirlər. Təxribatın hədəfi isə 10 noyabr üçtərəfli sazişində məhz Rusiyanın vasitəsilə əldə olunan razılaşmanın arxa plana atılması və yeni danışıqlar planı formatının qurulmasıdır”.