"Düşmən hərbçinin yaralarını sarıyan hərbçilərimizi təbliğ etməliyik"

Ədalət Verdiyev: "İstənilən halda maraqlı gücləri qalib Azərbaycana qarşı qaldırmaq yalnız Ermənistanın maraqlarına uyğun idi"


  Sosial şəbəkələrdə yayılan videogörüntülərdə bir dəstə hərbçi yerdə oturdulduğu anlaşılan hərbçilərə qarşı atəş açır. Bir şəxs Azərbaycan dilində "vurma, saxla, atəşi kəs" deyir. Amma bu əmrə baxmayaraq, atəş davam edir.
  Ermənistan bu kadrlara istinad edərək Azərbaycanı hərbi cinayətdə günahlandırıb və ölkə rəsmiləri buna hüquqi qiymət verilməsi üçün beynəlxalq qurumlara müraciət ediblər.

  Daha doğrusu, erməni mediası, siyasətçiləri, fəalları bir neçə "erməni əsgərin güllələnməsini" əks etdirən videodan Azərbaycana qarşı istifadə etmək üçün bütün gücünü işə salıb.  Erməni ombudsmandan tutmuş nazirlərə, Təhlükəsizlik Şurasının katibinə, hətta Paşinyana qədər, avropalı siyasətçilərlə yalnız bunu müzakirə etməklə məşğuldurlar.
  Ermənistan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin erməni əsirləri güllələdiyi iddia edilən görüntülərə istinad edərək bəyan edib ki, "Azərbaycan Silahlı Qüvvələrinin törətdiyi hərbi cinayətlərə beynəlxalq məhkəmələr tərəfindən aydın qiymət verilməli, cinayətkarlar isə məsuliyyətə cəlb olunmalıdır".

  Hətta AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bunu dəhşətli adlandırır və deyir: 

“Əgər bu videonun həqiqət olduğu sübut olunarsa, bu, hərbi cinayətdir, araşdırma aparılmalı və cinayətkarlar cəzalanmalıdır”.
  Video artıq Azərbaycan Hərbi Prokurorluğu tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır. Əlbəttə ki, hər hansı cinayət faktı olarsa, buna ilk növbədə Azərbaycan özü hüquqi qiymət verəcək.

  Hərbi ekspert Ədalət Verdiyev isə “Şərq”ə açıqlamasında deyib ki, dünən "Dövlətimin yanındayam" deyənlər, bu gün dövlətin gördüyü işləri sıfırlamaq üçün əlindən gələni edir. 

Əsas odur ki, səhifəmizdə özümüzə, həm də əsgərimizə ziyan vursa belə, yeni bir material olsun, 5-10 nəfər də bunu bəyənsin, vəssalam! Sonradan səhra geyiminə akselbant və medal taxan polkovnikin müharibə zamanı mülki təyyarədən şəxsi heyətlə selfisi, ya da 70 yaşlı erməninin "dərsinin" verildiyi video olsun, fərqi yoxdur, hamısını paylaşırıq. Əsas odur ki, yeni material olsun! Nəticəsi vacib deyil. Ziyanı, ya xeyri bəzilərini qətiyyən  düşündürmür. 

Heç bu materialın doğru və ya feyk olduğu da çoxumuzu da maraqlandırmır.

  Xocalı, Malıbəyli, Quşçular, Qaradağlı, Baqanis-Ayrım faciələri barədə məlumatlı olan əsgərimiz döyüşdə dostunu şəhid edən düşmənə qarşı amansız ola bilər. Amma düşmən müqavimət göstərmirsə, onun əsir götürülüb aidiyyəti üzrə təhvil verilməsi mütləqdir.  Diri olaraq əsir götürülən düşmənin bizə qiymətli məlumatlar verəcəyi şübhəsizdir. 
  Bəziləri ermənilərin daha amansız fəaliyyətlərini xatırladır. Axı nəyə görə biz  özümüzü daha sivil xalqlarla müqayisə etmək əvəzinə, işğalçı, qatil və fərari bir orduya malik xalq ilə müqayisə etməliyik? Nəyə görə onların səviyyəsinə enməliyik? 
  Bütün bu çəkilişlərin günahı, bu materialları çəkənlər, onları sosial şəbəkə istifadəçilərinə ötürənlər və bunu paylaşanlardadır. Tutaq ki, kimsə belə bir qurama video hazırlayıb və ya çəkib, niyə bunu biz Azərbaycan vətəndaşı olaraq paylaşmalıyıq? İnsanlarımızda əsgərimizin həyatına və onun azadlığına qarşı bu qədər laqeydlik haradan qaynaqlanır?  Baş Prokurorluq materialı araşdıracaq, bəlkə də kimə qarşı cəza tədbirləri də görüləcək. Bunu istəyirdiksə, Allah bəlamızı versin, istədiyimizə nail olduq”. 

  Videomateriala gəlincə isə hərbi ekspert deyib ki,  burada dəbilqələrin rəngindən tutmuş qayalıq ərazidə yaxın məsafədən atəşin atıcının özü üçün təhlükəli olmasına qədər çox sayda suallar mövcuddur:

 “Buna çox köklənmirəm, hesab edirəm ki, araşdırmanın nəticələrini və ballistik ekspertizanın dəyərləndirməsini gözləməyimiz daha doğrudur. İstənilən halda maraqlı gücləri qalib Azərbaycana qarşı qaldırmaq yalnız Ermənistanın maraqlarına uyğun idi və bizlərdən də bəziləri buna şərait yaratmaqdan çox "məmnun" oldular. Həmin o "məmnun" olanları da tapmaq vacibdir. 

  Azərbaycana qarşı bir çox sərsəm şüarları erməni tərəfi kütləvi şəkildə səsləndirib və səsləndirir, amma biz buna cavab olaraq döyüşdə yaralanan düşmən hərbçisinin yaralarını sarıyan və onun həyatını xilas edən, sonradan yaralı Tiqranı hospitalda ziyarət edən hərbçilərimizi təbliğ etməliyik. 

  Odur ki, əsgərimizin həyatını təhlükəyə atmaqdan və onu istiqamətləndirməkdən hər birimiz çəkinməliyik. Bizim işimiz əsgərimizə ləyaqətlə vəzifələrini yerinə yetirmək üçün dəstək olmaqdan, nizamnamənin tələblərini, komandirlərin əmr və sərəncamlarını vaxtında və dəqiq yerinə yetirməyə istiqamətləndirməkdən ibarət olmalıdır. Şübhəli materialları, xüsusən də düşmənin maraqlarına xidmət edən video və fotoları yaymaqdan və paylaşmaqdan hər birimiz çəkinməliyik”.