Artıq regionlarda və Qarabağda istifadə ediləcək radiotezliklərin qiyməti ilə Bakı və Abşeronda istifadə arasında kəskin fərq olacaq
“Dövlətə məxsus olan, məhdud olan və hamıya çatmayan resurslardan biri də tezlik resursudur. Radiotezlik istifadəçiləri müxtəlif məqsədlər üçün əldə etdikləri tezliklərdən istifadə üçün müəyyən ödənişlər edirlər”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT mütəxəssisi Osman Gündüz deyib. Onun sözlərinə görə, ölkəmizdə bu tariflər 2004-cü ildə Tarif Şurası tərəfindən müəyyən olunub. Az qala 20 ildir ki, bu sektorda dəyişməz tarif tendensiyası davam edib. Qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, texnologiyalar dəyişdikcə, yeni xidmətlər yarandıqca və radiotezlik istifadəçilərin sayı artdıqca tezliklərdən istifadə tariflərini də dəyişiblər: “Yəni hər inkişaf mərhələsinin, hər yeni texnologiyaların yeni tezlik tarifləri olub.
İnkişaf etmiş ölkələrdə, elə qonşu ölkələrdə də tezliklər üstündə amansız mübarizə gedir, adi bir radiotezliyi əldə etmək üçün auksionlar və müsabiqələr keçirilir.
Bizdə isə uzun illər öncə kimsə “su qiymətinə” qızıldan qiymətli radiotezlik resursu əldə edibsə, illik cüzi ödənişlərini etməklə, hətta ondan istifadə etməyə də bilərdi. Uzun illər “Tezlik mənimdir, pulunu ödəmişəm, özüm bilərəm” prinsipi ilə işləyən çoxsaylı radiotezlik istifadəçilərinə Dövlət Radiotezliklər İdarəsinin təsir imkanları sıfıra bərabər olub.
20 il bundan öncə tariflər tezliyin əhəmiyyətinə və sayına görə deyil, tezlik zolağına və əraziyə görə deyil, əsasən bu tezlikdə istifadə olunan radioelektron vasitələrin sayına görə müəyyən olunub. Hansı ki, buna nəzarət etmək elə də asan başa gəlmirdi. Kiminsə milyonlar ödəməyə hazır olduğu dövlət resursunu başqası cüzi ödənişlər etməklə böyük gəlirlər də əldə edə bilərdi, səmərəsiz də istifadə edə bilərdi və ya ümumiyyətlə ondan istifadə etməyə də bilərdi”.
Artıq bu tendensiyaya son qoyulduğunu vurğulayan Forum prezidenti hesab edir ki, cari ilin avqust ayında ölkənin radiotezlik sektorunda əhəmiyyətli bir hadisə baş verib. Radiotezliklərdən istifadə tariflərinin müəyyən edilməsi səlahiyyəti Prezidentin fərmanı əsasında Tarif Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib: “Nazirlik də dərhal, elə bir neçə gün öncə beynəlxalq tendensiyanı nəzərə almaqla radiotezliklərdən istifadə üzrə tariflərin hesablanması üçün yeni metodika hazırlayıb. Yeni metodikaya görə tariflər daha çox bəlli bir tezlik zolağında işləyəcək avadanlıqlar və ya texnologiyalar üzrə, radiotezliyin əhəmiyyətlilik dərəcəsi, radiotezlik zolaqlarının genişliyi və sayı, həmçinin də radiotezliyin istifadə olunacağı ərazi nəzərə alınmaqla müəyyən ediləcək. Artıq regionlarda və Qarabağda istifadə ediləcək radiotezliklərin qiyməti ilə Bakı və Abşeronda istifadə arasında kəskin fərq olacaq. Bununla da regionlarda mobil rabitənin inkişafı üçün daha münbit şərait yaradılacaq. Bahalı radiotezlikləri istifadəsiz və səmərəsiz saxlamaq heç kimə sərf etməyəcək. Digər radioxidmətlərin zəbt etdiyi faydalı tezlik zolaqları, 5G üçün gərəkli olan tezliklər sərbəstləşəcək”.
O.Gündüz düşünür ki, yeni tariflər tezliklərdən daha effektiv və səmərəli istifadəni və yeni texnologiyalardan istifadəni stimullaşdıracaq, dövlətə məxsus olan və məhdud olan tezlik resurslarının daha ədalətli formada tənzimlənməsinə şərait yaradacaq:
“Hökumət RİNN, bu sektoru idarə etməli olan tənzimləyici qurumun, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin formalaşmasını da tezliklə başa çatdrımalıdır. Doğrudur, prezidentin fərmanı ilə “Generallar Komissiyası” adlanan NK yanındakı Radiotezliklər Komissiyasının ləğvi və yeni Dövlət Radiotezliklər Komissiyasının yaradılması, onun əvvəlkindən fərqli olaraq “mülkiləşdirilməsi” sektorda qısa zamanda bir çox müsbət dəyişikliklərə səbəb oldu. Amma prezidentin İKT Agentliyi ilə bağlı fərmanından uzun müddət keçməsinə baxmayaraq bu Agentliyin Nizamnaməsinin indiyədək təsdiqlənməməsi və rəhbərliyinin də formalaşmaması, düşünürəm ki, doğru bir hal deyil.
Fikrimcə, bu tənzimləyici qurumun tez bir zamanda formalaşması həm yeni tarif metodikası və həm də digər tənzimləyici vasitələrlə sektorun inkişafını daha da sürətləndirə bilər”.