Əliyev-Paşinyan danışıqlarının Praqa raundu! – “Ermənistan seçim qarşısında...”

“Ya sülhlə Azərbaycanın təklif etdiyi həcmlə razılaşmalıdır, ya da ki, Azərbaycan hərb variantı ilə istədiyini almalıdır”

“Bu mənada görüşdən sonra hərbi əməliyyatların davam etməsi istisna deyil”

“Çünki mümkündür ki, Azərbaycan görüşdə delimitasiya prosesinə dair istədiklərini diplomatik razılaşdırma üsulu ilə ala bilməsin”

  
Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti başlayıb. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub. Dəvət göndərilən ölkələr arasında Azərbaycandan başqa Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var.

Analitik Aqşin Kərimov Avropa Siyasi Birliyi liderlərinin Praqada baş tutan  sammitindən “Sherg.az”a danışarkən bildirib ki, toplantının başlanma ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi formatda bir danışıq baş tutub:

 “Görüşü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan təşkil edib. Hərçənd ki, Fransa Prezidenti Emmanuel Makron həmin danışıqda özünü göstərmək istəyərək Paşinyana qahmar çıxmağa çalışdı. Həmin görüşdə Macarıstanın baş naziri Viktor Orban da göründü. Qeyd etmək lazımdır ki, onun ölkəsi Türk Dövlətləri Təşkilatında müşahidəçi statusdadır. İlkin dəyərləndirməmə əsasən, bunu Türk Dövlətləri Təşkilatı qismində Paşinyana təzyiq kimi simvolizə etmək olar. Yəni bu formatda presedent bir ilkdir. Əliyevlə Paşinyanın görüşünün davamı olacaq, orada Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək”. 

Siyasi şərhçinin sözlərinə görə, dördlük formatında görüşdən əvvəl Ərdoğanın Makronu ofsaydda saxlayaraq Əliyevlə Paşinyanı bir masa ətrafında əyləşdirməsi “Türkiyə Azərbaycanın yanındadır və kimsə ona təzyiq edə bilməz” mesajının verilməsidir:

 “Hesab edirəm ki, bu görüşlər sülh müqaviləsinin mətninin hazırlandığının göstəricisidir. Lakin detallar üzərində yenidən fikir mübadiləsi aparılır. Əliyev-Paşinyan danışıqlarının Praqa raundu sülh müqaviləsinin detallarının hazırlanması, tərəflərin bir-birinə açıq və ya gizli zəmanətlərinin effektivliyini dəqiqləşdirmə baxımından önəmlidir. Bu görüş Rusiyanı qıcıqlandırmayacaq, çünki Avropa İttifaqı da, Fransa da Rusiya ilə münasibətlərin kəskinləşməsində maraqlı deyil. Moskvanın aqressiya dozasının artıb-artmayacağı ABŞ-ın danışıqlar masasındakı razılıqları öz maraqlarına sərf edən formada inkişaf etdirmək dərəcəsindən asılı olacaq. Ermənistan isə seçim qarşısındadır. Ya sülhlə Azərbaycanın təklif etdiyi həcmlə razılaşmalıdır, ya da ki, Azərbaycan hərb variantı ilə istədiyini almalıdır.  Vəziyyətin bu cür olması Ermənistana sərf etmir. Fransanı isə narahat edir. Çünki rəsmi Bakının delimitasiya tələbləri seriyasında iyirminci əsrin xəritələri şərt kimi irəli sürülür. Bu mənada görüşdən sonra hərbi əməliyyatların davam etməsi istisna deyil. Çünki mümkündür ki, Azərbaycan görüşdə delimitasiya prosesinə dair istədiklərini diplomatik razılaşdırma üsulu ilə ala bilməsin”.