Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması önəmli hadisədir
“Bakı sammiti türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi üçün əla imkanlar yaradacaq və türk dünyası üçün yeni çağırışlara vəsilə olacaq”
Bu həftə Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin türk-islam dünyasının məram və amallarına xidmət edən görüşləri keçiriləcək.
Bu barədə “Şərq”ə Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, 19-21 oktyabrda Azərbaycan Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin türk-islam dünyasının məram və amallarına xidmət edən görüşlərinə və mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşmə tədbirlərinə ev sahibliyi edəcək. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyev başda olmaqla Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan Müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın Baş Müftisi Naurızbay Taqanulı, Qırğızıstan Müftisi Zamir Rakiyev, Türkmənistan Müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gələcəklər.
Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin daha öncə İstanbulda və Türküstanda görüşlərinin ardınca Bakıda üçüncü görüşü 19 oktyabrda Gülüstan sarayında baş tutacaq. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşada imzalanacaq, Birgə Bəyanat qəbul ediləcək. Dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.
Oktyabrın 21-də Gülüstan sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamları “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda Beynəlxalq Konfransda bir araya gələcəklər. Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda türk-islam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaq. Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar. Tədbirlərdə TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, elm, din, siyasi və ictimai xadimləri iştirak edəcəklər.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev bu ideyanı müsbət qarşılayıb və təsdiq edib. Bu ilin aprelində İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasının ilk təsis toplantısı keçirilib. Toplantıda Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın hazırladığı Türk Dövlətləri Təşkilatının Dini Liderlər Şurasının Nizamnaməsini təqdim edib və sənəd qəbul edilib. Azərbaycanın təşəbbüsü ilə yaradılan TDT dini liderlərinin Şurası türk dövlətləri arasında mənəvi bağ yaradılması, eyni kökdən olan xalqların vahid mövqeyinin formalaşması üçün mühüm rıçaq sayıla bilər.
Türk Dövlətlərinin dini liderlərinin Bakıda keçiriləcək zirvə toplantısını dəyərləndirən millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan təhsil, iqtisadi, diplomatik və hərbi müstəvidə türk dövlətləri ilə sıx əməkdaşlıq edir. Bakıda keçirilməsi gözlənilən zirvə görüşü də Türk Dövlətləri Təşkilatının fəaliyyətinin müxtəlif sahələr üzrə genişləndiyinin göstəricisidir. Dini liderlərin bir masa arxasında toplanıb müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparması da son dərəcə əhəmiyyətli məsələdir:
“Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin oktyabrda Azərbaycanda baş tutacaq zirvə görüşü bir sıra məqamlar baxımından əlamətdar hadisədir. Dini, dili, tarixi bir olan türkdilli ölkələr birliyini əhatə edəcək bu qurum mənəvi birliyin qurulmasında mühüm əhəmiyyət daşıyır.
Hazırkı dünyada milli-etnik dözümsüzlüyün acı nümunələri ilə üzləşən dövlətlər kənardan ixrac olunan ekstermist və yad dalğanın qarşısını almaq üçün bir-birinə dəstəyə böyük ehtiyac duyurlar. TDT-nin bu yeni platforması türkdilli dövlətlərin ortaq mədəni izinin təbliği üçün əhəmiyyətlidir. Şura üzv ölkələrin mədəni sərvəti sayılan abidələri, fikir adamlarını, din xadimlərini tanıtmaq və öyrənmək üçün imkanlar yaradır. Həmçinin dövlətlərin dini-ideoloji müstəvidə fəaliyyətinin koordinasiyası üçün nufuzlu din xadimlərinin dəstəyini ortaya qoyacaq.
Dini liderlərin Şurası eyni zamanda məzhəblərarası qardaşlığın təbliği və eyni zamanda dünyaya nümayişi üçün yaxşı imkandır. Şuranın Bakıda keçiriləcək iclası xalqların qardaşlığı, dini irsinin tanıdılması üçün əməkdaşlıq müstəvisinə çevriləcək.
Türk Dövlətlərinin Dini Liderlərinin Şurasının ikinci toplantısının Bakıda keçirilməsi təklifi həmçinin Prezident İlham Əliyevin dünyaya bəyan etdiyi tolerantlıq prinsiplərinin bir daha nümayişi olacaq. Dini rəhbərlərin Şurası münasibətlərin dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mədəni və mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün geniş imkanlara malikdir. TDT Dini Liderlər Şurasının Bakı sammiti türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi üçün əla imkanlar yaradacaq və türk dünyası üçün yeni çağırışlara vəsilə olacaq”.