Vətəndaşlara zaman tanınmalıdır


Adəm Məmmədov: "Elektron məhkəmə sisteminin üstünlükləri ilə yanaşı, problemli tərəfləri də var"

"Yenilik, müasirlik yaxşıdır, amma keçid dövrü mütləq olmalıdır. Elektron məhkəmə sistemi ilə yanaşı yazılı müraciət qaydası bir müddət paralel aparılmalıdır"

  Vəkillik sahəsində son zamanlar ciddi yeniliklər baş verir. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, əsas məqsəd vəkillərin fəaliyyətinin asanlaşdırılmasıdır. Kollegiya sədri bu sahədə bəzi çətinliklərin də olduğunu bildirib. Qeyd edib ki, vəkillərin sorğusuna elektron cavab verilməməsi çətinliklər törədir. "Bu, vaxt itkisinə səbəb olur, Ədliyyə Nazirliyindən xahiş edirəm, vəkillərinin sorğularına elektron qaydada cavab verilməsinə yardım olunsun. Sorğulara elektron qaydada cavabların verilməsi vaxt itkisinin və digər xərclərin qarşısını alacaq",- A.Bağırov qeyd edib.

A.Bağırov həmçinin vəkillərin eyni saatda müxtəlif proseslərə çağırılmasının qarşısını almaq üçün Ədliyyə Nazirliyinə müraciət edildiyini deyib. Kollegiya sədri bildirib ki, eyni saatda müxtəlif məhkəmə prosesləri təyin edilir ki, bu zaman vəkil o proseslərdə iştirak etməkdə çətinlik çəkir. Bu səbəbdən məhkəmə proseslərinin vaxtını göstərən ümumi sistem olmalıdır ki, hakim də məhkəmə prosesində iştirak edəcək vəkilin həmin saatda hansısa başqa bir məhkəmə prosesində iştirak edib-etmədiyindən xəbərdar olsun, məhkəmələr eyni gündə, eyni saatda təyin edilməsin. Bu məqsədlə elektron məhkəmə sisteminin təkmilləşməsi lazımdır:  "Bununla da bir vəkilin eyni vaxtda müxtəlif proseslərə çağırılmasının qarşısı alınar. Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmi şəxslərinə müraciət etmişəm", - A.Bağırov deyib. Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova isə bildirib ki, bu məsələ nazir Fikrət Məmmədova məruzə edilib: "Cənab nazir dərhal bu məsələnin həll olunması ilə bağlı tapşırıq verib". 

  Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov bir müddət öncə qeyd etmişdi ki, ölkə ərazisində fəaliyyət göstərən məhkəmələrin üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və bu sistemin bütün məhkəmələrdə tətbiqi nəzərdə tutulur, bu istiqamətdə iş aparılır. Qanunvericiliyə edilmiş mühüm dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən süründürməçiliyin aradan qaldırılmasına, işlərə çevik və vaxtında baxılmasına şərait yaradıb. Həmçinin bu dəyişikliklər məhkəmələr tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini daha da genişləndirib. Məhkəmə icraatının video-konfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi imkanının yaradılması şəffaflığın əlavə təminatına şərait yaradır. 

Elektron məhkəmə sisteminin təkmilləşməsinin vəkillik fəaliyyətinə nə dərəcədə təsir edəcəyi barədə “Şərq”ə danışan vəkil Adəm Məmmədov qeyd etdi ki, elektronlaşma zamanın tələbidir: 

- Texnologiyanın inkişafı hər sahədə özünü göstərir. Elektron məhkəmə sistemi də bunlardan biridir. Bunu zaman tələb edir. Xüsusilə pandemiya şəraitində  elektronlaşmanın zəruriliyi bir daha özünü göstərdi. Üstünlük bundadır ki, vətəndaş məhkəmə binasına gəlmədən, elektron sistemə daxil olub məlumat əldə edə bilir. Məhkəmə proseslərinin onlayn izlənməsi imkanı əldə edilir. Məsələn, biz vəkillər məhkəmə prosesinə qatılmadan prosesi izləyə bilirik. Üstünlükləri var, amma problem yaradan tərəfləri də var. Hesab edirəm ki, elektron məhkəmə sistemi tətbiqi yazılı müraciət qaydası və ya əyani şəkildə məhkəməyə müraciət, məlumatların əldə edilməsini tamamilə sıradan çıxarmamalıdır. Yeni qaydalara, elektron sistemə uyğunlaşmaq üçün vətəndaşlara zaman tanınmalıdır. Yenilik tətbiq edilməzdən öncə maarifləndirmə işi aparılmalıdır. Hamının düşüncəsi eyni deyil. 

Vətəndaş elektron məhkəmə sistemi ilə ondan istifadə qaydası ilə tanış olmaya bilər. Yenilik, müasirlik yaxşıdır, amma keçid dövrü mütləq olmalıdır. Elektron məhkəmə sistemi ilə yanaşı yazılı müraciət qaydası bir müddət paralel aparılmalıdır. Vətəndaşlar bu sistemlə tanış olanadək, ondan istifadəni öyrənənədək. 

A.Məmmədov qeyd etdi ki, elektron məhkəmə sistemi vəkillərin də işini asanlaşdırır. Bu mənada ki, hakim proses gününü təyin edərkən elektron sistemə daxil olub prosesdə iştirak edəcək vəkilin həmin gün, həmin saatda başqa bir məhkəmə baxışında iştirak edib-etməyəcəyini dəqiqləşdirə biləcək.

 Bununla da bir vəkilin eyni vaxtda 2 məhkəmə prosesinə çağırılması aradan qalxacaq. Əks halda qarışıqlıq yaranır, vəkillər yüklənir, bir prosesdən çıxıb digərinə, hətta bəzən, bir məhkəmə prosesi bitməmiş digərinə getməli olur. Bu, müdafiə işini çətinləşdirir, müdafiə tərəfinin hüquqi baxımdan tam təminatına əngəl yaradır.