Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, diplomatik uğurları insanlarımızda qələbəyə əminlik yaratdı
"Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub"
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
İki il əvvəl Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Silahlı Qüvvələrin qəhrəmanlığı sayəsində Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələri yazılıb.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ərazilərdə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı.
İki gün sonra Azərbaycanın təcavüzkar və işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq özünün əzəli və tarixi torpaqlarından qovmasının ikinci ildönümüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi və diplomatik addımları, ordumuzun hünəri və cəsarəti düşməni döyüş meydanından qaçmağa, mürəkkəb relyefi olan əraziləri bir güllə belə atmadan təhvil verməyə məcbur etdi. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin təməlində dayanan amillər sırasında ordu quruculuğu, mükəmməl müdafiə və təhlükəsizlik sisteminin formalaşdırılması, ən müasir silah arsenalının yaradılması mühüm yer tutur. Azərbaycanın Cənubi Qafqazda ən güclü orduya malik olması artıq bütün dünyada qəbul edilən gerçəklikdir ki, bu da İkinci Qarabağ müharibəsində real təsdiqini tapıb.
44 gün davam edən savaşda 5 şəhər, 4 qəsəbə və 286 kənd mənfur düşmən işğalından azad olundu. 44 gün davam edən Vətən müharibəsi, onun aparılma taktikası və döyüş texnikası, eləcə də qəhrəman Azərbaycan əsgərinin göstərmiş olduğu şücaəti hələ uzun illər danışılacaq, öyrəniləcək və örnək göstəriləcək. Hansı ki, dünyanın bir çox dövlətləri hazırda Azərbaycanın 44 günlük zəfər yolu tarixçəsini araşdırır və öyrənir.
Şanlı ordumuzun 8 noyabr tarixində Azərbaycanın qəlbi, qədim mədəniyyət ocağı sayılan Şuşa şəhərini işğaldan azad etməsi müharibənin qalibiyyət sevincini daha da yaxınlaşdırdı. Ona görə ki, Şuşa Azərbaycan xalqının bir neçə əsrlik mədəni irsinə malik mədəniyyət ocağı olmaqla bərabər, həm də çox böyük strateji əhəmiyyət kəsb edən bir şəhərdir. Təsadüfi deyil ki, məhz Şuşa Qalasının fəth edilməsi ilə mənfur düşmən məğlubiyyətini qəbul etdi. Cənab Prezidentin də qeyd etdiyi kimi: “Siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır”.
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.
Qeyd edək ki, Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatı deputat Ramil Həsən oxuyub.
Bəyanatda deyilib:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər Azərbaycan tarixinin müstəsna səhifələrindən biridir. Son 200 ilə yaxın dövrdə ermənilərin həyata keçirdiyi etnik təmizləməyə birdəfəlik son qoyulması Azərbaycan tarixində yeni mərhələnin başlanmasına şərait yaradıb. Təəssüf ki, böyük Zəfərə gedən yol xalqımıza böyük itkilər hesabına başa gəlib. 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və məcburi köçkünlük yaşamağa məcbur olub. I Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın soydaşımızın taleyi hələ də məlum deyil. İşğal olunmuş ərazilərdə erməni vandalları bütün şəhər və kəndlərimizi dağıdıb. İşğal dövründə mədəniyyət abidələrimiz məhv edilib. Azad edilmiş ərazilərdə Ermənistanın mina terroru hələ də davam edir. Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməzdi və qıra da bilmədi. Xalqımızı qalib xalqa çevirən bu Şanlı Zəfər etibarlı siyasi rəhbərlik fenomenidir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək Azərbaycanı dövrünün ən qüdrətli dövlətinə çevirib. Yenilməz döyüş əzmi və yüksək peşəkarlıq sayəsində Şuşa, digər şəhər və kəndlərimiz düşməndən təmizlənib. Daxili və xarici siyasətimiz xalqın maraqları və tələbatı üzərinə qurulub. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında olan münaqişəyə son qoyub. Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri görülür, infrastruktur yaradılır, yollar, körpülər, tunellər çəkilir, Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür. Bütün bunlar Azərbaycanın daha da güclənməsini təmin edəcək. Milli Məclis Ermənistan tərəfini yaranmış tarixi fürsəti düzgün dəyərləndirməyə çağırır. Milli Məclis hesab edir ki, Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh danışıqları prosesində yerinə yetiriləcək addımlar sülh sazişinin imzalanmasına kömək göstərəcək”.
Millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, sərkərdəlik məharəti, siyasi iradə, iqtisadi güc, beynəlxalq aləmdə yüksək imic, xalq-iqtidar birliyi kimi amillər bizi 30 ilə yaxın müddətdə işğalda qalmış torpaqlarımıza qaytardı. Vətən müharibəsində hər ötən gün həsrətlə gözlədiyimiz əzəli torpaqlarımıza, dədə-baba yurdumuza qayıtmaq ümidinin tezliklə reallığa çevriləcəyinə əminliyimizi daha da artırırdı:
“Qazandığımız nailiyyətlərin müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, diplomatik uğurları idi insanlarda bu əminliyi yaradan. Dövlət başçısının ölkəmizin, eləcə də dünyanın ən yüksək kürsülərindən Azərbaycanın haqlı mövqeyini ifadə edən çıxışları, ölkəmizlə bağlı olan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələri erməninin xislətini, mənfur siyasətini, işğalçılıq siyasətini bir daha ortaya qoyub. 44 gün ərzində işğal altında olan torpaqları azad etmək, erməni mifini darmadağın etmək güclü Azərbaycan haqqında təsəvvürləri daha da genişləndirib. Bu uğurların qazanılmasında güclü lider və onun yaratdığı güclü ordu xüsusi qeyd olunmalıdır. Müasir silahlarla təchiz olunmuş, yüksək döyüş ruhlu əsgər və zabitlərimizin vətənpərvərlik hissləri qələbəmizi şərtləndirən amillər sırasındadır. Əlbəttə ki, məqsədə doğru inamlı addımlar Azərbaycanın tarixinə Qalib ölkə adını həkk etdi və bu tarixdə görünməyən bir qələbə idi.
44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq, hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın “dəmir yumruğ”una dönərək düşmənin başını əzdi. Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər...
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Bu Qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavabdır”.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin işğaldan azad edildiyi günün Zəfər Günü elan edilməsi Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin, “Qarabağ münaqişəsi” deyilən bir terminin tarixə qovuşduğunun, ərazi bütövlüyümüzün təmin olunduğunun, bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin «dəmir yumruq» əməliyyatı ilə Müzzəfər Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığının bütün dünyaya göstəricisidir. Buna görə də 8 Noyabr tarixi çox böyük Şərəf və Qürur bayramıdır və hər zaman böyük qürur və sevinc hissi ilə qeyd ediləcək”.
Qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə “Şərq”ə danışan politoloq Natiq Miri isə deyib ki, 44 günlük müharibədə qələbə ilə Azərbaycan tək Qarabağın azad olunması ilə məhdud düşünən bir dövlətdən çıxaraq, daha böyük hədəfləri olan bir dövlətə çevrilməyə başlayıb:
“44 günlük müharibədə ən böyük qazancımız millət olaraq özümüzü qazanmağımız oldu. 200 illik torpaq itkilərindən sonra ilk dəfə olaraq itirilən ərazilərimizi qaytara bildik. Bu zəfər nəticəsində millətimiz də özünə qayıtdı. Millətimiz əsgəri, dövləti ilə birlikdə bir ürək ola bildi və bu proses davamlıdır. Burada ən böyük qazanc dövlətin ərazisinin bütövlüyüdür. Amma ərazi bütövlüyünün təmini bir işdir, bütün ərazilərdə Azərbaycanın suveren dövlət hüquqlarını təmin etmək isə başqa bir məsələdir. Hədəfdə olan əsas məsələlərdən biri də Qarabağın ermənilər yaşayan ərazilərində suveren hüquqlarımızın təmin olunmasıdır.
44 günlük müharibə ilə cəmiyyət və xalq olaraq göstərə bildik ki, öz torpağımız uğrunda rahatlıqla ölə bilərik. Millətin formalaşması üçün bu çox vacib mənəvi amillərdən biridir. Çünki Vətən torpağı qanla sulandığı təqdirdə Vətən olur.
Ermənilər geosiyasi alət rolunda çıxış edirlər. Dünya gücləri də hər zaman Ermənistandan bir alət olaraq istifadə edib, bu gün də istifadə edirlər. Ona görə də bu etnosun dövlətçilik şəklində var olmasının perspektivini görmürəm. Bunu üzə çıxaran dövlət isə Azərbaycan oldu.
Artıq millətimiz oyanıb. Azərbaycan anladı ki, Türkiyə və digər türk cümhuriyyətlərindən başqa ölkəmizi ciddi şəkildə dəstəkləyən güc yoxdur. Ona görə də bütün türk dövlətlərində toparlanma prosesi gedir. Türk birliyinə aparan Şuşa Bəyannaməsi də ən böyük qazancımızdır. Artıq Azərbaycan tək Qarabağın azad olunması ilə məhdud düşünən bir dövlətdən çıxıb, daha böyük hədəfləri olan bir dövlətə çevrilmək üzrədir. Azərbaycanın düşmənlərə peşkəş edilən Vətən torpaqları var. Bu torpaqların bir hissəsi də Ermənistandadır. Gələcək perspektivdə Ermənistandan bu torpaqlarımızı geri almaq zamanı da yetişəcək. Ona görə də artıq millət və dövlət olaraq daha böyük düşünməyə və millətin özünə qayıdışını təmin etmək haqqında düşünməyə başlamışıq.
2020-ci il 27 sentyabr tarixi Azərbaycan tarixində özünəqayıdışın təməli, dönüşü kimi qeyd olunacaq. Zaman keçəcək, Azərbaycan bugünkündən daha böyük Azərbaycan olacaq”.