Elnur Eltürk: “Prezident Türk dünyasının diqqətini bura yönəldir və bu gün Azərbaycan Türk birliyinin inteqrasiyasında mərkəz rolunu oynayır"
"Ola bilər ki, gələcəkdə zirvə görüşü Qarabağda, xüsusilə, Şuşada təşkil olunsun"
“Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq”.
Bu sözləri Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər:
“Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib. Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda olub.
Mən digər türk dövlətlərinin başçılarını da Qarabağ və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən tikiləcək yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm”.
Vətən müharibəsindən sonra Azərbaycanın Türk dünyasında nüfuzunun artdığını deyən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a vurğulayıb ki, proseslər Türk birliyi inteqrasiyasını sürətləndirib :
“Mərkəzi Asiya türk dövlətlərində ölkəmizə qarşı böyük sevgini, diqqəti müşahidə edirik. Artıq diqqət Azərbaycana yönəlib və Türk insanında özünəinam hissi güclənib. Bundan sonra isə Qarabağın quruculuğunda Türk dövlətləri fəal iştirak etsələr, daha yaxşı olar. Doğrudur, qardaş Türkiyə prosesdə fəal iştirak edir. Özbəkistanın Füzulidə bir məktəb tikməsi isə, iki qardaş ölkə arasında münasibətlərin inkişafında simvol olacaq”.
Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin Türk dövlət liderlərini Qarabağa dəvət etməsi, buranı Türk dünyasının mərkəzinə çevrilməsi siyasətinə hesablanıb:
“Türk dünyasının diqqətini bura yönəldir və bu gün Azərbaycan Türk birliyinin inteqrasiyasında mərkəz rolunu oynayır. Prezident isə bununla bağlı mükəmməl siyasi kurs yürüdür. Ola bilər ki, gələcəkdə zirvə görüşü Qarabağda, xüsusilə, Şuşada təşkil olunsun.
Bu səbəblə də Şuşada beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür imkanlar yaradılır. Bu gün bizim üçün ən vacib məqam Türk dövlətlərinin Qarabağın quruculuğuna öz dəstəyini göstərməsidir.
Qarşıda Türk dövlətlərini təmsil edən iş adamlarının Qarabağa yatırım qoymaları, birliyin güclənməsinə böyük təkan ola bilər. Nəzərə alaq ki, Qarabağın münbit şəraiti var”.