“Məscidlərdən İrana bağlı molla və ruhani klanın kökü kəsilməlidir”
“İran 1979-cu il İnqilabından sonra, şiə topluluğu çox olan ölkələrdə mövqelərini bərkidərək, tərəfdarlarını toplamağa başladı”.
Bunu Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında DTX-nın İran agenturasının yaratdığı cəsus şəbəkəsini ifşa etməsinə münasibət bildirərkənb deyib.
O vurğulayıb ki, din pərdəsi altında aparılan təbliğatlardakı əsas məqsəd İran dövlətinə xidmət etməkdir:
“Görünən odur ki, onlar kifayət qədər uğur əldə etməyi bacarıblar. Əsasən də Yaxın Şərqdə, Suriya, Livan və İraqda gedən müharibələrin nəticəsində, İran bu ölkələri nəzarətə götürməyi bacardı. Bunu isə bəzən bilavasitə, bəzən də kənardan müdaxilə ilə reallaşdırdı.
Artıq İranın şiə xilalı var və bu xilala tam nəzarət etmək üçün təkcə Azərbaycan qalıb. Doğrudur, rəsmi Tehran Azərbaycana hərbi müdaxilə edə bilmir və burada proksi silahlı dəstələri yoxdur. Ancaq Azərbaycanda kifayət qədər beyni yuyulmuş və din, məzhəb təbliğatı altında olan kütlə var. Sözüngedən agentuara şəbəkəsi isə məscidlərdə və digər sahələrdə yayılmağa başlayıb”.
Ə.Məmmədli onu da əlavə edib ki, Azərbaycanın 90-cı illərdəki çətin vəziyyətindən istifadə edən bir çox ölkə, burada öz agentuara şəbəkəsini böyütdü: “İran da onlardan biridir. Müharibədən qalib çıxdıqdan sonra Azərbaycanın güclənməsi və Türkiyə ilə birgə hərəkət etməsi bir çox ölkələri narahat edir. Bu səbəblə də bizə qarşı olan təzyiqi daha açıq göstərirlər. Xüsusən də İran daha açıq təxribatlara əl atır.
Təbii ki, Azərbaycan da bunlara qarşı düzgün, hətta deyərdim bir az gecikmiş addımlar atır. Bunların qarşısının alınması üçün isə məscidlərdən İrana bağlı molla və ruhani klanın kökü kəsilməlidir. Bu saat isə İranın fəaliyyət istiqaməti Bakı kəndlərindən və cənub bölgəsindən çox Gəncəyə yönəlib.
Azərbaycanın ikinci şəhərində belə bir rejimin cücərməməsi üçün SOS siqnalı verilməlidir. Çünki Azərbaycanın təhlükəsizliyi böyük zərbə altındadır. Ona görə də nə qədər ki, ölkəmizdə İranın proksi qruplaşmaları yoxdur, daha böyük əməliyyatlar aparmaq lazımdır. Biz İran şəbəkəsinə zərbələr endirməsək, Azərbaycan hərbi-siyasi baxımdan zəiflədiyi anda, onlar silahlı dəstələrlə cavab verəcəklər".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytından bildirilib ki, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.