“Birgə müəssisələrinin yaradılması arzuolunandır”
“Nəticədə dövlətimizin müdafiə sənayesi sektoru inkişaf edə bilər"
"Azərbaycanla Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın tarixi 1990-cı illərin əvvəllərinə dayanır".
Bunu "Sherg.az"a hərbi ekspert Ramil Məmmədli Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyevlə Pakistanın Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin arasındakı görüşə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Pakistanla həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqlar üzrə hərbi sahədə əlaqələrini inkişaf etdirir:
"Hazırkı məqamda ölkəmiz hərbi-texniki sahədə Pakistandan mənimsədiklərini həyata keçirə bilər. Görüşdə M.Quliyevlə pakistanlı nazir arasında orada istehsal edilən və rəqəmsal, hərbi, nəzəri, elmi biliklərə əsaslanan optik cihazlar, həmçinin müasir texnologiyalar əsasında hazırlanan sistemlər, modernləşmə layihələrinə dair bir sıra məsələlər istiqamətində fikir mübadiləsi aparılıb. Birmənalı olaraq, demək mümkündür ki, Pakistanın müdafiə sənayesi sektoru son illərdə inkişaf etməkdə davam edir. “IDEAS 2022” 11-ci Beynəlxalq Müdafiə Sərgisində Pakistan müdafiə sənayesi sektorunda xüsusilə də, təmsil olunan aviasiya şirkətləri iştirak edirlər".
R.Məmmədlinin qənaətincə, siyasi müstəvi ilə yanaşı, hərbi-texniki sahədə də əməkdaşlığımız davam etməlidir:
"Pakistan məqsədəuyğun hesab etdiyi hərbi, elmi, nəzəri biliklərini Azərbaycana inteqrasiya etməlidir. Ölkəmizdə adıçəkilən istiqamətlər üzrə Pakistan və Azərbaycan birgə müəssisələrinin yaradılması arzuolunandır. Nəticədə dövlətimizin müdafiə sənayesi sektoru inkişaf edə bilər".
Qeyd edək ki, Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyev Pakistanın Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb. Hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub.