“Bacılar” özlərini ifşa edirlər” - AKTUAL



Prezident İlham Əliyev YAP-ın yaradılmasının 30-cu ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə Fransa-Ermənistan münasibətlərindən danışıb. Dövlət başçısı çıxışı zamanı bildirib ki, Fransa Ermənistana himayədarlıq edir. İlham Əliyev çıxışında bu iki ölkənin münasibətlərinə zarafatyana reaksiya verib:
“Onlar biri-birinə bacı deyirlər. Qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər”.
Xatırladaq ki, bir müddət öncə Fransa senatı tərəfindən Azərbaycanın əlehinə qətnamə qəbul olunub. Bu sənədin Fransada yaşayan erməni lobbisinin fəaliyyətinin bir nümunəsi olduğu isə artıq təsdiqini tapıb.

Fransa senatı tərəfindən qəbul edilən sənədin heç bir əhəmiyyəti olmadığını deyən millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri  Səməd Seyidov "Sherg.az"a vurğulayıb ki, bu, bir parça kağız rəsmi Parisin özünü pis vəziyyətdə qoyur və onu vasitəçi rolundan kənarlaşdırır:

"Burada söhbət təkcə Fransa Senatı tərəfindən qəbul edilən sənəddən getmir. Ümumi məsələ Fransanın daxilində mövcud olan abu -havanın təhlilidir. Çünki onlar erməni lobbisinin və Azərbaycana qarşı işləyən qüvvələrin mənbəyinə çevirilib. Bu gün cənab Prezident ilham Əliyev YAP-ın 30 illiyinə həsr olunmuş tədbirdə də məsələ barəsində qısa, amma düzgün fikir səsləndirdi. Ölkə başçısı zarafatyana şəkildə bildirdi ki,  Fransa və Ermənistan özlərini iki qardaş da adlandıra bilərdilər. Lakin iki bacı adlandırırlar. 

Məhz bu iki “bacı” belə addımlarla özlərini ifşa edirlər. Xüsusilə  rəsmi Parisin Frankofoniya konfransında  Azərbaycana qarşı qəbul etmək niyyətində olduğu qətnamə uğursuzluqla nəticələndi. Bu sənəddə bizə qarşı sənədlər və bəndlar var idi. Lakin bunların heç biri həmin təşkilata daxil olan ölkələr tərəfindən qəbul edilmədi. Çünki onlar bu ağ yalana etiraz etdilər. Ermənistanın Parisdə at oytatmağı və Fransa siyasətçilərini əla almağı isə gec-tez iflası uğrayacaq. Biz bunun canlı şahidi oluruq.

  Hələ onlar bizə qarşı daha çox sənəd qəbul etmək niyyətindədirlər. Amma nə qədər çox qətnamə qəbul etsələr, bir o qədər də özlərini pis vəziyyətə qoyacaqlar. Fransada qəbul olunan sənədin digər ölkələrə təsirinə gəldikdə isə, öz maraqlarını üstün tutan hər bir dövlət bu qətnaməyə qarşı çıxacaq. Ona görə ki, Avropa Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirir".