“Suriya və İraqın şimalındakı terrorçuların yuvalarına hava zərbələri endirmək Türkiyənin tam şəkildə haqqıdır”
Ankaranın yaxın zamanlarda quru əməliyyatlarına başlamasına zəmin yaradır. Yəni Türkiyə növbəti cavab əməliyyatı keçirəcək. Bu barədə Müdafiə Naziri Hulusi Akar və Daxili işlər naziri Süleyman Soylu da açıqlama verib ki, terrorun belini qırmayana qədər dayanmayacayıq
Terror təşkilatı YPG/PKK üzvləri tərəfindən Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinə yenidən raket atılıb.
Raketlər Karkamış rayon mərkəzindəki orta məktəb, iki ev və Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınına zərər vurub.
İlkin məlumata görə, 2 nəfər həyatını itirib, iki nəfərin vəziyyəti ağır olmaqla 6 nəfər yaralanıb.
Qeyd edək ki, ötən gün də sözügedən rayona raket hücumu olub. Terror təşkilatı YPG/PKK tərəfindən Karkamışa atılan 4 raket boş əraziyə düşüb.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.
Raket hücumunu pisləyən “Atlas” Araşdırmalar Mərkəzi sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, İstanbulun mərkəzindəki terror aktından sonra Suriya və İraqın şimalındakı terrorçuların yuvalarına hava zərbələri endirmək Türkiyənin tam şəkildə haqqıdır:
“Çünki o ərazilərdə terrorçu qruplaşmalar məskunlaşıb və onlar Türkiyənin milli təhlükəsizliyinə təhdid hesab edilir. İndi isə həmin terrorçular Türkiyə ərazisinə raket zərbələri endirirlər və xeyli mülki əhali həlak olub. Bu da Ankaranın yaxın zamanlarda quru əməliyyatlarına başlamasına zəmin yaradır.
Yəni Türkiyə növbəti cavab əməliyyatı keçirəcək. Bu barədə Müdafiə Naziri Hulusi Akar və Daxili işlər naziri Süleyman Soylu da açıqlama verib ki, terrorun belini qırmayana qədər dayanmayacayıq. Digər tərəfdən əməliyyatların başlamasına Rusiya və Amerika etiraz edə bilərlər. Ona görə ki, onların Suriyada hərbi varlıqları mövcuddur.
Lakin Ankaranın Kremllə Vaşinqtonun etirazlarını nəzərə almayaraq, öz milli və təhlükəsizlik maraqları istiqamətində siyasət aparacağını düşünürəm".