“Qarşımıza çıxmaq istəyənlər Türkiyəni və dolayı yolla Pakistanla İsraili qarşısında görmüş olacaq”
“Rusiyanın Ukrayna bataqlığına çəkildiyi bir dönəmdə Azərbaycana qarşı ciddi addımlar atacağı gözlənilən deyil"
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda iclası keçirilib. İclasda Rusiya Prezidenti Vladimir Putin də iştirak edib. Onun İrəvana səfəri isə erməni cəmiyyəti tərəfindən etirazla qarşılanıb. Paytaxt küçələri dünən gecədən etirazçılarla dolub daşıb.
Bu gün isə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi tədbirləri haqqında qərar layihəsi razılaşdırılıb.
Bu barədə təşkilatın Baş katibi Stanislav Zas bəyan edib.
O qeyd edib: “Biz Ermənistana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlər haqqında qərar layihəsini razılaşdırdıq. Sənədlər KTMT-nin monitorinq missiyasının müşahidələri, təklifləri əsasında hazırlanıb”.
Məsələni “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Rusif Məmmədsoy bildirib ki, KTMT-nin Qarabağa və Azərbaycan-Ermənistan münasibətlərinə təsir rıçakı yoxdur:
“İrəvanda KTMT səviyyəsində görüşlər keçirilir və Vladimir Putin uzun aradan sonra ilk dəfə ora gəlir. Xüsusilə dünən gecə saatlarında Rusiya prezidentinin Ermənistana gəlişinə görə ciddi etiraz aksiyaları başlayıb. Onlar Putinə “yox” deyirdilər. Ümumiyyətlə isə Ermənistan cəmiyyətinin böyük əksəriyyəti KTMT-dən qopub Qərbə meyillənmək istəyir. Ortada bu siyasəti yürüdən və Qərbin layihəsi olan bir Nikol Paşinyan var.
Atılan addımlar da bunun təzahürüdür. Biz Paşinyanın növbəti şousunu izləyə bilərək. Yəni o erməni cəmiyyətinə bir daha deyəcək ki, Rusiya bizə yardım etmədi və etmir.
O zaman biz KTMT- də niyə varıq? Digər tərəfdən isə hər kəsə KTMT-nin Qarabağa və Azərbaycan-Ermənistan münasibətlərinə təsir rıçakının olmadığı bəllidir. Xüsusilə də Rusiya Azərbaycanı qarşısına almaq istəməz.
KTMT dedikdə isə biz sadəcə Kremli nəzərə almalıyıq. Çünki bu Moskva tərəfindən yaradılan effektsiz bir təşkilatdır və NATO ilə müqayisə edilə bilməz.
Digər tərəfdən ölkə başçısının da vurğuladığı kimi KTMT ölkələrinin mütləq əksəriyyətinin Azərbaycanla münasibəti daha yaxşıdır. Nəinki həmin təşkilata üzv olan Ermənistanla. Belarusa sədrliyin keçməsi, Qazaxıstan amili və digər məsələlərlə bağlı bizdə şübhə yeri yoxdur.
Ona görə ki, istənilan halda bu ölkələrin veto qoymaq hüququ var. Sözügedən yardımların isə çox da ciddi olacağını düşünmürəm. İstənilən halda inanmıram ki, KTMT Azərbaycana qarşı ciddi açıqlamalarla yadda qalsın. Qarşımıza çıxmaq istəyənlər Türkiyəni və dolayı yolla Pakistanla İsraili qarşısında görmüş olacaq. Rusiyanın Ukrayna bataqlığına çəkildiyi bir dönəmdə Azərbaycana qarşı ciddi addımlar atacağı gözlənilən deyil".