Noyabrın 22-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İsxak Hersoq İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və qeyd edib ki, bu, İsrail üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla çox gözəl münasibətlərdə irəliyə doğru böyük bir addımdır.
Prezident İlham Əliyev telefon zənginə görə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir.
Telefon söhbəti zamanı İsrail-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan və İsrail arasındakı münasibətlərin ölkəmizin müstəqilliyini qazanmasından sonra dinamik şəkildə inkişaf etdiyini deyən hərbi-siyasi ekspert Həşim Səhrabli vurğulayıb ki, bu inkişaf dünya üzərindəki azsaylı örnəklərdəndir:
"Artmaqda olan münasibətlərin özünün də müxtəlif səbəbləri var.
Burada İran faktorunu əsas kimi göstərə bilərik. Çünki cənub qonşumuzun bölgədəki təcavüzkar siyasəti Azərbaycanı özünə beynəlxalq arenada etibarlı tərəfdaşlar tapmağa məcbur edir. Bu tərəfdaşlar arasında isə İsrail ön plana çıxır.
Ona görə ki, Bakı yaxşı hesablamışdı ki, işğal faktına son vermək üçün hərbi yol yeganə seçim olarsa, dünyanın ən müasir silahları ilə təchiz olunmaq lazımdır. Bu silahlar isə İsrail tərəfindən istehsal olunur. İndi də Azərbaycan tərəfi hər an Ermənistandan daha güclü orduya və texnikaya malik ölkələrlə üzləşmə təhlükəsi ola biləcəyini düşünür. Regionun hazırkı siyasi qarışıqlığı və Tehranla olan gərginlik bu ehtimalı qüvvətləndirir. Ona görə də daha güclü orduya və müasir silahlara ehtiyac duyulur. Burada da yenə rəsmi Təl-əviv ön plana çıxır".
Ekspertin sözlərinə görə rəsmi Bakının İsraildə səfirlik açmasına iki fərqli bucaqdan baxılmalıdır:
"Birincisi bu İran və anti-Azərbaycan siyasəti yürüdən qüvvələrə mesajdır ki, onlar Azərbaycanı nə qədər sıxmağa davam etsələr, biz bu nöqtədə daha çox beynəlxalq tərəfdaşlar əldə etməyə çalışacağıq. Yəni onlardan uzaqlaşıb, düşmənlərinə yaxınlaşacağıq.
İkincisi isə Azərbaycan artıq ordu arsenalını artırmağı planlaşdırır. Son qərarlar da deməyə imkan verir ki, bundan sonra Azərbaycan və İsrail arasındakı münasibətlər daha dinamik inkişaf mərhələsinə qədəm qoyacaq. Bu isə Bakı üçün müstəsna haldır. Çünki rəsmi Təl-Əviv bizə təhlükə yaratmağa həvəsli deyil. Bu səbəblə də əlaqələrin inkişafını müsbət qiymətləndirir və daha da möhkəmlənməsini gözləyirəm".