Qazi adından sui-istfadə edirlər!  TƏKLİF: “Hərbi mağazalarda sənəd tələb edilsin”

"Yəni qazi və hərbçilərin hər birinə dövlət tərəfindən sənədlər verilib. Hərbi forma və ləvazimatlar bu sənədlərə baxıldıqdan sonra satılmalıdır"

Daxili İşlər Nazirliyindən verilən məlumata görə. paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 36 yaşlı şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb


 Məsələyə münasibət bildirən qazi Kamil Musavi "Sherg.az"a deyib ki, qazi adından sui-istifadə etmək yolverilməzdir:
"Dünən həmin yoldaşı barəsindəki xəbəri mən də oxudum. 

Açığı heç vaxt qazilərin vəziyyətdən sui-istifadəsini sevməmişəm. Bu addan istifadə edənlərin qarşısını almaq üçün isə təklif edirəm ki, hərbi geyimlərin satıldığı dükanlarda sənəd tələb edilsin.

 Yəni qazi və hərbçilərin hər birinə dövlət tərəfindən sənədlər verilib. Hərbi forma və ləvazimatlar bu sənədlərə baxıldıqdan sonra satılmalıdır. 

Təəssüf ki, əksər mağazada  buna əməl olunmur və nəticədə də belə hallar baş verir. Digər tərəfdən bəzi yoldaşlar var ki, vətəndaşlarla yer, növbə və.s üstündə münaqişə edirlər. 

Düzdür, ölkə başçısının da sərancamı var ki, Vətən müharibəsi iştirakçıları və qazilər hər yerə növbəsiz buraxılmalıdır. Lakin biz millətin başına qaxmaq və ya kimlərlə isə dalaşmaq üçün vuruşmamışıq.  

Ona görə də vətəndaşlarımızın bizdən narazı qalmaması üçün, belə şeylərə maksimum dərəcədə diqqət etməliyik. Çünki biz Azərbaycanda seçilmişlər və uca qazi adını qazananlarıq. Bu mənada müqəddəs məramı qoruyub saxlamalıyıq".