Professordan “dov(y)şan” müzakirəsinə REAKSİYA: “Ciddi adamlar da lağlağı  prosesinə qoşulub”

"Azərbaycan dilinin orfoepiya normalarının, müxtəlif müəssisələrin və medianın önündə müzakirə edilməsi çox gözəl bir haldır".
Bunu "Sherg.az"a açıqlamasında professor Qulu Məhərrəmli  Dilçilik İnstitutunun müzakirələrinin sosial şəbəkələrdə məsxərəyə qoyulmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, bunun sosial şəbəkədə lağ predmetinə çevrilməsi  ötəri məsələdir:

 "Onsuz da sosial şəbəkələrdə ən ciddi məsələləri belə məzə obyektinə çevirirlər. Ona görə də bunu ciddi hesab etmək olmaz. Çünki burada Azərbaycanın şifahi ədəbi dilinin müzakirəsi gedib. Düzdür, misal bir az uğursuz seçilib. Misal üçün çovğun sözünü də götürmək olardı. Yəni əsas məsələ "v" səsinin düşməsidir ki, köhnə qaydada "yovşan", "dovşan", "dovğa" və.s kimi sözlərdə "v" səsinin düşməsi qeyd olunur.  Amma dövlət sözü kimi nümunələr də var. Bizim heç birimiz "dölət" demirik. Bu səbəblə də bunları qaydalaşdıraraq, ortaya çıxartmaq lazımdır. Ümumiyyətlə, bizim orfoqrafiya lüğətimiz var. Lakin orfoepiya lüğəti 1982-ci ildə çap olunub və bu, günümüzün əsas məsələsidir" .

Ekspertin sözlərinə görə burada elmi yanaşmadan çox, lağlağı mövqeyin olması, ictimai fikrə yanlış mesajlar ötürür:

"Kiminsə qisası varsa və həmin universitetdən xoşu gəlmirsə, bu cür xoşagəlməz addımlar atırlar. Ən təəssüf etdiyimsə, bizim ciddi saydığımız bəzi adamlarda lağlağı  prosesinə qoşulublar. Dilçilik institutu bu günə qədər orfoqrafiya lüğətini bağlı qapı arxasında müzakirə edib. Buna görə də ciddi qüsurlar var. Hesab edirəm ki, İnstitutun keçmiş direktorundan fərqli olaraq, indiki rəhbəri professor Nadir Məmmədli çox cəsur bir addım atıb. Əlbəttə, bəzi iradlar irəli sürmək olar. Amma ümumilikdə niyyətin özü alqışalayiqdir və bunu məsxərəyə çevirmək bəsit düşüncənin məhsuludur".