“Ümumiyyətlə isə türk anlayışı olan yerdə fars rejimi təhlükə görür"
Bu günlərdə erməni mətbuatında birinci Qarabağ müharibəsi zamanı İranın ermənilərlə sövdələşmə faktı ortaya qoyulub. Yəni ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşü haqda məlumatlar yer alıb. Digər tərəfdən İran tərəfi 44 günlük müharibə zamanı dı, sonra da Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Bir neçə il əvvəl azərbaycanlıları “tarakana” bənzədən İran mediası daha da fəallaşıb. Onlar öz daxilindəki qarışıqlığı və molla rejiminin fiyaskoya uğramasını Azərbaycanın ayağına yazmaq istəyirlər.
Məsələyə münasibət bildirən Ağ Partiyanın rəhbəri Tural Abbaslı "Sherg.az"a bildirib ki, İrandan bundan artığını da gözləmək olmazdı:
"Onlar 1918-ci ildə Azərbaycanın ilk müstəqil Cumhuriyet kimi tanınmasının əlehinə çıxıb və 1920-ci ilə qədər müstəqilliyimizi tanımıyaraq, bizə qarşı ərazi iddialarında olublar. Fars rejimi hələ 1990-cı illərin əvvəllərində sovet ittifaqının parçalanması zamanı da, Azərbaycanı özlərinə birləşdirmək üçün müəyyən addımlar atıb. Lakin həmin dövrdə insanların siyasi təfəkkürü kifayət qədər formalaşmışdı deyə bu cəhd baş tutmadı. Digər tərəfdən cənub qonşumuz yanlış olaraq, daim Azərbaycanı özünə təhdid hesab edir.
Onlar düşünürlər ki, Azərbaycan güclü bir dövlət olarsa, İranın dövlətçiliyinə təhlükə yaradar. Bu aspektən də, tarix boyu Azərbaycanın müstəqilliyi əlehinə fəaliyyət göstəriblər. Yəni rəsmi Tehran hər zaman bizim və Türkiyənin düşmənləri ilə müttəfiqlik edib. Ümumiyyətlə isə türk anlayışı olan yerdə fars rejimi təhlükə görür".
Partiya rəhbəri qeyd edib ki, İranın Melkonyanla əlaqəsi və 1-ci Qarabağ savaşında ermənilərə dəstək verməsi heç kəs üçün sirr deyil:
"Məncə, cənub qonşumuz 2-ci Qarabağ müharibəsində də düşmən tərəfinə kəşfiyyat materialları və ordumuzun hərəkət istiqaməti kimi strateji əhəmiyyətli məlumatları ötürüb. Hətta İran ordusunun Zəngilan tərəfdən Azərbaycan ordusunun qarşısını kəsərək yubatması barəsində fakt da yayılıb. Biz isə artıq bu addımlardan gileylənməyi kənara atmalıyıq. Yəni Azərbaycan adekvat tədbirlər görməlidir. Dünya diplomatiyasında da "güzgü effekti" deyilən bir anlayış mövcuddur. Hansısa dövlət sənə qarşı addım atırsa, sənin də ona eyni istiqamətdə cavab vermək hüququn var.
Onsuz da molla rejiminin qəddarlığı, xalqın ayağa qalxmasına səbəb olub. Biz də cənubdakı soydaşlarımıza hər tərəfli dəstək olmalıyıq ki, rejim öz yerini bilsin".