Sülməramlılar anlamalıdırlar! – “Ərazilərimizi Azərbaycan dilində adlandıracaqlar”

“Kreml üzərinə düşən öhdəlikləri yerinə yetirmir”

“Azərbaycan və digər dövlətlər rəsmi Moskvanın vasitəçiliyinə şübhə ilə yanaşacaq”


"Rusiya sülhməramlılarının bizim torpaqlarda yerləşməsinə baxmayaraq, yer adlar məsələsinə hörmətsizlik etməsi, Azərbaycan dövlətinin və xalqının narahatlığına səbəb olur".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Həsrət Rusiya sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycanın yaşayış məntəqələrini uydurma erməni adları ilə təqdim etməsinə münasibət bildirərkən deyib. 
O qeyd edib ki, bu hadisə Rusiyanın güvənilməz dövlət olduğunu bir daha sübut edir:

"Analoji davranışlar Kremlin belə missiyalarda iştirakının yanlış olduğunu sübut edir. Yəni bundan sonra Azərbaycan və digər dövlətlər rəsmi Moskvanın vasitəçiliyinə şübhə ilə yanaşacaq. Hələ 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanat imzalanarkən Azərbaycan dövləti münaqişənin dinc yolla həlli iradəsini ortaya qoydu. Digər tərəfdən Ermənistan da silahlı qüvvələrinin Qarabağdan çıxarılması öhdəliyini üzərinə götürdü. Lakin onlar bu ərazidən çıxmadılar. Bəyanatda həm də rus sülhməramlılarının erməni qoşunlarının Qarabağdan çıxmasına paralel şəkildə yerləşdirilməsi barəsində bənd yer alırdı. Lakin onların Qarabağda yerləşməsinə rəğmən erməni hərbi dəstələri Azərbaycan ərazisindən çıxarılmadı".
Analitikin sözlərinə görə, Kreml üzərinə düşən öhdəlikləri yerinə yetirmir:

"Biz ötən iki il ərzində müşahidə etmişik ki, Rusiya sülhməramlıları tərəfsiz vasitəçi deyil, işğalçı Ermənistanın tərəfdarı kimi çıxış edir. Hətta onlar öz açıqlamalarında və sənədlərində Azərbaycan torpaqlarını, qədim Ermənistan ərazisi kimi yazmaqdan belə çəkinmirlər.  İndinin özündə də onlar Qarabağda yerləşən "Amaras" məbədini ziyarət xəbərlərində, bu məbədin orta əsr Ermənistanının “dəyərli” abidəsidir cümləsini əlavə edirlər. 

Yəni faktiki olaraq rus sülhməramlıları Azərbaycan torpağını Ermənistan ərazisi kimi qələmə verir. Digər tərəfdən sülhməramlıların ad məsələsində bizə “diş göstərmələri” tərbiyəsizliyin son həddidir.

 Onlar anlamalıdır ki, əgər Azərbaycan ərazisində yerləşirlərsə, bizim torpaqları ana dilimizdə adlandıracaqlar. Çünki sülhməramlıların mandatına, yer adlarını müəyyənləşdirmək kimi bir faktor daxil deyil. Onlar isə ermənilərlə birlikdə Azərbaycan torpaqlarına qondarma ad verməklə məşğuldur. 

Ümumiyyətlə, biz bir daha şahid olduq ki, “şimal ayısı”na güvənmək olmaz və Azərbaycan dövləti Rusiya ilə münasibətlərə yenidən baxmalıdır".