“Gürcüstanla  universitet üçün yer məsələsini də danışmışdıq, lakin...”

Milli Məclisin bu gün keçirilən iclasında Gürcüstandakı milli məktəblərimizlə bağlı məsələ qaldırılıb. Bu barədə deputat Fazil Mustafa çıxış edib. Plenar iclasda söz alan deputat bildirib ki, milli məktəblərimizdə kadr çatışmazlığı var:
“Problemin həlli yolları var. Bunun üçün Tbilisidə Gürcüstan və Azərbaycan hökumətinin dəstəyi ilə ortaq universitet yaradıla bilər. Bu gün Gürcüstanda yaşayan soydaşlarımız arasında cəhalət artmaqdadır. Bunun qarşısını almalıyıq”.

İlk təklifin ona məxsus olduğunu deyən əslən Gürcüstandan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədli "Sherg.az"a vurğulayıb ki, Fazil Mustafaya belə idealara dəstək verdiyi üçün təşəkkür edir:

"Biz hətta bir zamanlar Gürcüstan hökuməti ilə universitet üçün yer məsələsini də danışmışdıq. Onlar ərazinin ayrılacağına söz verdi.

 Lakin Azərbaycan tərəfi buna investisiya ayırmaqda elə də maraq göstərmədi. Ümumiyyətlə, isə belə bir universitetin açılması, həm soydaşlarımızın Gürcüstan cəmiyyətinə qarşılıqlı inteqrasiyası üçün, həm də intellektual insanlarımızın sayının artması üçün böyük avantajdır. Digər tərəfdən qarşılıqlı dərslərin keçirilməsi ilə zərərli tendesiyalardan və dini xurafatlara meyillilikdən qaçmaq mümkündür. 

Birmənalı şəkildə bizə məxsus olan ideyanın   bu gün istifadə edildiyi üçün isə çox şadam. Azərbaycan hakimiyyətini də bu cür məsələlərə sağlam yanaşmağa dəvət edirəm".