“Kreml Qarabağı Azərbaycanın bir parçası kimi tanıdığını dəfələrlə bəyan edib”
“Bu şəraitdə Bayramov Rusiyanın bu mövqeyinə təkcə siyasi dil olaraq yox, əməldə də riayət etməsini və Qarabağda ermənilərə havadarlıq etməkdən əl çəkilməsini istəyəcək"
“Nazirlər Rusiya və Azərbaycan prezidentlərinin bu ilin 22 fevral tarixində Moskvada imzaladıqları müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə kontekstində Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafına dair kompleks məsələləri müzakirə edəcəklər. Eləcə də, bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır. Xüsusi diqqət 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli və 31 oktyabr 2022-ci il üçtərəfli razılaşmalarının həyata keçirilməsinin müzakirəsinə ayrılacaq”.
Görüşdə əsas məsələnin ikitərəfli münasibətlərə yönələcəyini deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Qarabağda olan hazırkı məsələlərin də görüşün müzakirə mövzusuna çevriləcəyini düşünür:
"Çünki biz Qarabağdakı gərginliyin hərbi qarşıdurma risklərini pik nöqtəyə qaldırdığını müşahidə edirik. Digər tərəfdən siyasi müzakirədə əvvəlki müsbət tendensiyaları müşahidə etmirik. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı diplomatik gedişlər tamamilə sıfırlanmış vəziyyətdədir və sadəcə qarşıdurma hallarını görürük.
Belə bir vəziyyətdə Ceyhun Bayramov Moskvadan rus sülhməramlılarının bölgədəki özbaşınalıqlarını və toponim məsələsini diqqətə çatdıraraq, bunların qarşısının alınmasını tələb edəcək. Ona görə ki, Kreml Qarabağı Azərbaycanın bir parçası kimi tanıdığını dəfələrlə bəyan edib. Bu şəraitdə Bayramov Rusiyanın bu mövqeyinə təkcə siyasi dil olaraq yox, əməldə də riayət etməsini və Qarabağda ermənilərə havadarlıq etməkdən əl çəkilməsini istəyəcək".
Analitik qeyd edib ki, S.Lavrovun da Azərbaycan tərəfindən qarşıdurma risklərinin azaldılmasını tələb edəcəyini düşünür:
"Bakının və Moskvanın ayrılıqda öz istəkləri olacağı təbiidir. Bunların qarşısında isə tərəflərin biri-birindən güzəştə getməyi arzulaması ehtimalı da var. Amma yekun bir razılığın əldə olunacağını ehtimal etmirəm. Yəni Bayramovun Azərbaycanın hərbi yoldan istifadə etməyəcəyinə söz verməsi və Lavrovun Rusiyanın Qarabağdakı maraqlarından əl çəkərək Azərbaycanın haqqını müdafiə etməyə razılaşması inandırıcı deyil. Görüş isə hər zaman qarşılaşdığımız siyasi diskurslardan birinə çevriləcək və ötəri bəyanatların şahidi olacağıq".