Sosial şəbəkələrdən başqa məqsədlər üçün istifadə edənlər çoxdur
Paytaxtın Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Şərq”ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Mehdi Abaszadə saxlanılıb. Onun paytaxt ərazisində iki nəfərin 750 və 580 manat pulunu ələ keçirdiyi müəyyən edilib.
Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərində də analoji cinayətlər etdiyi məlum olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə instaqram sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.
Mehdi Abaszadə və Rasim Həsənov barəsində toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
"Bu şəxslərin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, internet açıq mühitdir, burada müəyyən təhdidlər və təhlükələr olmamış deyil:
“Gərək hər bir adam sosial şəbəkədən istifadə edəndə bir qədər ehtiyatlı olsun ki, özünün fərdi informasiyaları başqalarının əlinə keçməsin. Müəyyən qrup insanlar var ki, sosial şəbəkədən qeyri-qanuni istifadə edirlər. Öz arzu və istəklərini yeritmək üçün qarşı tərəfi şantaj, təhqir edirlər. Bu, bizdə də var, dünyada da.
Ona görə də hər kəs gərək özünün informasiyasının qayğısına qalsın. Qarşı tərəfi şantaj, təhqir etmək davam edirsə, dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Sosial mediada baş verənlərlə bağlı bizim məhkəmə çəkişmələri olub. Təhqirlə bağlı aidiyyəti qurumların - prokurorluq, hüquq-mühafizə orqanlarının borcudur ki, müraciətlə bağlı araşdırma aparsın. Həmin sosial media resursunun administrasiyası ilə də əlaqə saxlamaq, şikayət etmək olar. Düşünürəm ki, bunları etsək, nəticə əldə etmək olar”.
O.Gündüz bildirir ki, sosial şəbəkə terrorçuların qurbanına çevrilməmək üçün maarifləndirmə işləri artırılmalıdır:
“Eyni zamanda sosial medianın xətti ilə özümüz gərək internetin qayğısına qalaq, maarifçilik işləri görək. Bəzən insanlar törətdiyi əməllərin fərqinə varmırlar ki, cinayət törədirlər. Elə bilirlər, kiminsə şəxsi informasiyasını paylaşa bilər və ona heç nə olmaz. Ona görə də sosial media istifadəçiləri, hüquq müdafiəçiləri bunun nə ilə nəticələnə biləcəyi ilə bağlı gərək maarifləndirmə işləri aparsın.
Sosial şəbəkədə başqasını təhqir edən şəxslərlə bağlı qanunvericilikdə cinayət işi düşür. Qanunvericilikdə sosial mediada təhqir və böhtanın da cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı bu yaxınlarda dəyişiklik olunub.
Buna görə artıq inzibati cəza, yaxud xəbərdarlıqdan söhbət getmir, sosial şəbəkədə təhqir və böhtana görə yüksək cəza müəyyən olunur. Bəlkə də bunu edənlər törətdikləri əməldə cinayət işinin olmasından heç xəbərdar deyil. Maarifləndirmək lazımdır”.