Yollar demək olar ki, yox vəziyyətindədir


Ona görə ölkədə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edilməsinə maraq azdır

"Avtomobillər üçün yeni yollar salınarkən velosipedlər üçün də ayrıca yer saxlanılmalıdır. Yollar üçün məsafə genişləndirilməlidir"

  Uzun illərdir qərb ölkələrində velosipeddən real nəqliyyat vasitəsi kimi istifadə olunur. Hətta tez-tez avropalı millət vəkilləri, nazir, nazir müavinlərinin işə velosipedlə gedib-gəlməsi haqda məlumatlara rast gəlirik.
  Azərbaycanda  isə  velosipedə kifayət qədər maraq  olsa da, ondan real nəqliyyat növü kimi yox, daha çox idman aləti və yaxud əyləncə vasitəsi kimi istifadə olunur. Bununla belə müxtəlif ekspertlər tərəfindən tıxacların qarşısını almaq üçün alternativ nəqliyyat vasitəsi kimi məhz velosipedlərdən istifadə gündəmə gətirilir.  
  Bu baxımdan  paytaxt Bakıda velosiped zolaqlarının  yaradılması arzuedilən hesab olunur.  Düzdür, son vaxtlar bu istiqamətdə real addımlar da atılır. Xüsusən də şəhərin mərkəzi küçələrində velosiped zolaqlarının yaradılmasına şahid oluruq. 
Amma ekspertlərin fikrincə, velosiped yollarının təşkilindən əlavə  ölkəmizdə velosipedin real nəqliyyat vasitəsi kimi qəbul edilməsi üçün  əhali  arasında təbliğat işləri görülməlidir. Burada görüləcək işlərdən biri cəmiyyətdə bu düşüncənin dəyişdirilməsi, velosipedin real nəqliyyat, yerdəyişmə vasitəsi kimi qəbul edilməsinə nail olmaqdır. Bunun üçün də təbliğat, təşviqat işləri görülməlidir. Təbliğ olunmalıdır ki,  velosipedlə də tam təhlükəsiz olaraq, rahat şəkildə evdən işə və yaxud, işdən evə getmək olar. Ən azı ona görə ki,  ətraf mühitin qorunmasında, yol tıxaclarının azaldılmasında, insan həyatının sağlamlığı üçün velosiped çox əlverişlidir. 
  Digər tərəfdən avtomobillərlə müqayisədə velosiped çox ucuzdur, istismar xərcləri də çox cüzidir. 
  Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun fikrincə, Azərbaycanda velosipeddən  nəqliyyat növü kimi istifadəni stimullaşdırmaq üçün şəbəkələşmiş velosiped zolaqları yaratmaq lazımdır. Həmçinin yol hərəkəti qaydalarında dəyişikliklər edilməlidir. 
Velosipedçi ilə avtomobil sürənin və yaxud velosipedçi ilə piyadanın yanaşı hərəkətinin incəlikləri cəmiyyətə çatdırılmalıdır. Ölkədə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edilməsinə maraq azdır: “Azərbaycanda velosiped yolları demək olar ki, yox vəziyyətindədir. Azərbaycanda həm velosiped zolaqları, həm də velosiped yolları çox azdır. İstisnalar var ki, Sumqayıtda, Gəncədə, Bakıda, Novxanı kimi ərazilərdəki kiçik məsafələrdə velosiped zolaqları var. Amma bu, şəbəkə şəklində deyil. Əslində, velosiped zolaqları şəbəkə şəklində olmalıdır. Məsələn, şəxs şəhərin bir nöqtəsindən digər nöqtəsinədək velosipedlə zolaqlar vasitəsilə gedib çıxa bilməlidir. Azərbaycanda isə bu şəbəkə yoxdur. Bunun isə sadə bir səbəbi var. Hansı ki ölkədə hələ də velosiped nəqliyyat vasitəsi kimi populyarlaşmayıb. Velosipeddən istifadə edən vətəndaşlar ya idman aləti kimi, ya da uşaq oyuncağı kimi istifadə edirlər. Nadir halda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edən insanlara rast gəlinir. Yəni bu sahəyə maraq çox azdır. Vəziyyəti yaxşılaşdırmaq, şəbəkəni yaratmaq üçün çoxtərəfli işlər görülməlidir. İlk növbədə velosipedin nəqliyyat vasitəsi kimi istifadə edilməsi üçün tədbirlər görülməlidir. Paralel də olaraq hansı sahələrə uyğundursa velosiped yolları və zolaqları salınmalıdır ki, velosipeddən istifadə edən insanlar rahatlıqla bu şəbəkədən istifadə edə bilsinlər".

  Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə “Şərq”ə açıqlamasında deyib ki,  avtomobillər üçün yeni yollar salınarkən velosipedlər üçün də ayrıca yer saxlanılmalıdır. Yollar üçün məsafə genişləndirilməlidir. Velosipedlər üçün ayrıca, magistral yollardan 2 metr aralıda yollar salınmalıdır.
  Ekspertin sözlərinə görə, Bakı şəhərində velosiped yollarının çəkilməsi demək olar ki, dalana dirənib: "Velosiped yollarını avtomobil yolunun sağında çəkmək əvəzinə piyada səkisinin üzərində salıblar. Belədə velosipedləri avtomobil yolundan piyada yolunun üzərinə çıxartmış olurlar və bununla da piyadalara maneələr yaradırlar. Qanunvericiliyə əsasən, onların bir sıra hüquqları var, yəni müəyyən şərtlərə əməl etməklə velosipedi bütün yollarda sürə bilərlər. Bunun üçün velosipedin önündə və arxasında işıq fənəri olmalı, velosipedçi dəbilqə taxmalı, yolun sağı ilə hərəkət etməlidir".
  E.Cəfərov deyib ki, velosiped yolları avtomobil yolunun sağında çəkilməlidir: "Yəni bu yollar piyada yolunda çəkilməməlidir. Velosipedçilər üçün zolaqlar salınmalıdır. Avtobus zolaqlarında belə hərəkət iştirakçıları üçün şərait yaradılmalıdır. Təəssüf ki, bəzən sürücülərin avtomobil yollarında velosipedçiləri sıxdıqlarının şahidi olur”.