“Yerlibazlıq kəlməsi Dövlət Gömrük Komitəsi ilə assimilyasiya olunmuş termin kimi istifadə olunurdu" .
Bunu “Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov Dövlət Gömrük komitəsində son zamanlar baş verən islahatlara münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, hazırda bu yanaşma və vəziyyətə qarşı iradə sərgilənir:
"Yəni bunun bir hesablaşma olmamasını arzulayıram. Əgər proses səmimi olarsa, bundan sonra qəbul edilən qərarların xalqın lehinə işləyəcəyi ehtimalı çox yüksəkdir. DGK biznes mühitlə, vətəndaşla birbaşa işləyən qurum olduğu üçün, onun əmakdaşlarının bilikli, bacarıqlı olmaları və etik normaya riayət etmələri önəmlidir.
Təəssüf ki, bu istiqamətdə indiyə qədər qeyri-adekvat münasibətlər formalaşmışdı. Qeyd edilən filtrasiya son nəticədə əhalinin xeyrinə imkanlar yaradacaq. İslahatların isə hara gedəcəyini deyə bilmərəm.
Çünki bu günkü şəraitində proqnoz vermək çətindir. Nə qədər ki, hökumət DGK-nı fiskal qurum kimi görür, çox irəliyə gedə bilməyəcəyik.
Bu müddət ərzində DGK inzibati və nəzarətedici struktur funksiyasını ən sərt formada yerinə yetirməklə büdcə qarşısında öhdəliklərini yerinə yetirməyə çalışacaqdır.
Bu isə zaman-zaman həm sahibkar, həm də vətəndaşla gömrük işçiləri arasında problemlərin yaranmasına gətirib çıxaracaq. Amma bununla belə gedişat müsbətə doğru irəliləyən bir proses kimi qiymətləndirilə bilər".