“Ermənistan Azərbaycana sülh müqaviləsinə dair təkliflərini təqdim edib".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
o bildirib ki, Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, sərhəddə təhlükəsizlik təminatları ilə bağlı təkliflər də verilib.
N.Paşinyan əlavə edib ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatla təsbit olunmuş öhdəliklərini yerinə yetirmir.
Xatırladaq ki, daha əvvəl rəsmi Bakı sülh sazişi layihəsi ilə bağlı təklifləri rəsmi İrəvana təqdim etmişdi.
Ermənistandan səmimiyyət gözləmədiyini deyən millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a bildirib ki, Laçında baş verən hadisələr onların bütün vasitələrdən istifadə edərək sülh müqaviləsinin imzalanmasına səmimi yanaşmadıqlarını göstərir:
"Paşinyanın irəli sürdüyü təkliflər reallıqdan uzaqdır. Düzdür, konkret hansı bəndlər təklif olunduğunu bilmirəm. Çünki mətn parlamentə deyil, Xarici İşlər Nazirliyinə göndərilir. Amma əminəm ki, tərtib olunan təkliflər qəsdən vaxtı uzatmağa və vəziyyəti stabillikdən kənarlaşdırmağa xidmət edəcək şəkildə hazırlanıb.
Ümumiyyətlə, onların maraqlarının içində başqa niyyətlər ehtiva olunur. Paşinyan Ermənistanın maraqlarını möhkəmləndirmək üçün yaydığı yalanları dünya ictimaiyyətinə qəbul etdirmək siyasəti yürüdür”.
Parlamentari qeyd edib ki, ermənilər yenə həm sülh müqaviləsi, həm də Qarabağla bağlı özlərini yazıq və təzyiqlərə məruz qalan bir millət kimi göstərməyə başlayıblar:
“Dünya isə bunların yalan və reallıqdan uzaq bir məsələ olduğunu yaxşı bilir. Bu gün reallığı müşahidə etmək üçün yetəri qədər vəsait var. Ciddi düşünən qurumlar və təşkilatlar da bunu yaxşı bilirlər.
Düzdür, biz Laçın dəhlizi ilə bağlı 6-cı bəndə əsasən cavabdehlik daşıyırıq. Ancaq bu cavabdehlik humanitar məsələlərlə əlaqədardır. Amma oradan silah daşınması və terrorçuların keçməsi üçün heç bir öhdəliyimiz yoxdur.
Əgər belə olacaqsa, o zaman həmin yol terrorçuların marşrutuna çevriləcək. Danışıqlarda isə səmimi olmaq lazımdır. Paşinyanın dünənki və bu günkü açıqlamaları səmimiyyətdən tam uzaqdır".