“Ermənistanın əsas mövqeyi isə Qarabağdakı qondarma rejimə “status” qazandırmaqdır”
“Rəsmi Bakı isə bunu qəbul etməyəcək”
Rusiyanın paytaxtı Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, bu, Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında cari ayda ikinci görüşdü.
Görüşün gizlinlərini “Sherg.az”a şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Ermənistan hakimiyyətinin başlıca məqsədi erməni ictimaiyyətinin tələbi olan qondarma “Arsax” problemini həll etməkdir:
“Onlar “Arsaxa”a status qazandırmaq istəyirlər. Paşinyan isə daha çox hakimiyyətdə qalmaq üçün, məsələsini uzatmağa çalışır. Bu Azərbaycan tərəfinin qırmızı xəttidir. Biz dəfələrlə bildirmişik ki, qırmızı xəttimizi keçməmək üçün qondarma rejimə hansısa statusun verilməsindən söz gedə bilməz.
Rəsmi İrəvan bunun üçün gah Rusiyanı, gah da Fransanı görüşlərə cəlb edir. Amma bu yalnız məsələnin uzanmasına gətirib çıxarır və heç bir nəticəsi yoxdur".
Analitik qeyd edib ki, Bayramov- Lavrov görüşündə başlıca müzakirə mövzusunun yenə də erməni tərəfinin tələbləri olacağını düşünür:
"Çünki rusiyalı nazir "Ermənistan Kremlin başlıca müttəfiqi olduğu üçün rəsmi Moskva İrəvanın mövqeyindən çıxış edəcək" sözlərini dilə gətirmişdi. Ermənistanın əsas mövqeyi isə Qarabağdakı qondarma rejimə “status” qazandırmaqdır. Bu isə bizim tərəfimizdən qəbul ediləsi bir məsələ deyil.
Onun üçün də bu şərtlər altında heç bir sülh müqaviləsindən söhbət gedə bilməz".